11 AVQUST 2022
Şuşada “İlk yardım” üzrə təlimlər keçirildi
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 8 avqust 2022-ci il tarixdə Azərbaycan Skautlar Assosiasiyasının Şuşa şəhərində ilk düşərgəsi fəaliyyətə başlayıb.
Düşərgə çərçivəsində Azərbaycanla yanaşı Türkiyə, Moldova, Macarıstan, Gürcüstan, Ukrayna və digər ölkələrdən olan 150-dən çox iştirakçı humanitar fəaliyyət, axtarış və xilasetmə, münaqişələr sonrası bərpa və müasir şəhər planlaşdırılması mövzularında çoxsaylı təlimlərə qatılaraq bu sahələrdə bilik və bacarıqlarını genişləndirməkdədir.
Axtarış və xilasetmə proqramı çərçivəsində 9-10 avqust tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və "Uptodate İn Medicine" AHA Beynəlxalq Təlim Mərkəzinin təlimçiləri tərəfindən 150 skaut üçün ümumi ilk yardım, ürək-ağciyər reanimasiyası, defibrilyatordan istifadə və travmalarda xəstəxanayaqədər ilk yardım təlimləri keçirildi. Təlimlərdə xüsusi təyinatlı qüvvələrin hərbi travmalarda ilk yardım üzrə mütəxəssisləri də iştirak edərək öz təcrübələrini paylaşdılar.
Bütün təlimlər Amerika Ürək Assosiasiyası və Beynəlxalq Travmada Həyata Dəstək təşkilatının metodologiyası və təlimatlarına əsasən aparıldı və təlimlərin nəzəri və praktik hissələrini uğurla başa vuran, həmçinin yazılı imtahanı ən azı 84% balla tamamlayan iştirakçılara Amerika Ürək Assosiasiyasının beynəlxalq sertifikatı təqdim edildi.
Şəkillərlə burada tanış olmaq olar.