27 İYUL 2022
Tibbin bütün sahələrindən tədqiqatçıların, aspirant və doktorantların nəzərinə!
İctimai səhiyyə, Kardiologiya və Pediatriya ixtisasları üzrə təhsil alan rezidentlərin nəzərinə!
Tədqiqatçı profilinizi genişləndirmək və tədqiqatınızı milli və beynəlxalq elmi platformalar və jurnallarda dərc etmək şansı üçün müraciət etməyə tələsin!
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) böyük məmnuniyyətlə “İctimai səhiyyə sahəsində tədqiqatçıların müsabiqəsi” üçün müraciətlərin qəbulunu elan edir.
Son 10 ildə İSİM səhiyyə sahəsində 7-dən çox milli və beynəlxalq araşdırmalara imza atmışdır. Bunların arasında Qeyri-infeksion xəstəliklərin risk faktorlarının öyrənilməsi (STEPS), Uşaqlar arasında piylənmənin tədqiqi (COSİ), Məktəbyaşlı uşaqlar arasında sağlamlıqla bağlı davranışların təhlili (HBSC) və Tibb işçiləri arasında COVID-19-a qarşı vaksinlərin effektivliyinin tədqiqini (AzVE) xüsusilə vurğulamaq olar.
Elanın əsas məqsədi yuxarıda qeyd edilmiş və bir sıra digər mühüm tədqiqatlar sayəsində toplanmış məlumatlar əsasında İSİM-in mütəxəssisləri ilə birgə elmi təhlillərin aparılması və aparıcı beynəlxalq jurnallarda dərc olunmaq üçün məqalələrin hazırlanmasıdır.
Proqramda iştirak üçün aparılan seçim zamanı prioritet yaşı 45-dən aşağı olan tibb işçilərinə, elmi-tədqiqat sahəsində karyerasının başlanğıcında olan gənc tədqiqatçılara və hazırda aspirantura və ya doktoranturada təhsil alan və ya daxil olmağa hazırlaşan səhiyyə işçilərinə veriləcəkdir.
Proqramda iştirak üzrə müsabiqə üç mərhələdə aparılacaqdır:
Mərhələ 1. İştirak üçün yazılı müraciət formasının doldurulması tələb olunur. Müraciət forması e-poçt ([email protected] və [email protected]) və ya İSİM-in rəsmi ünvanına (AZ1122, Bakı şəhəri, H.Zərdabi küçəsi, 96) məktub kimi göndərilə bilər.
Mərhələ 2. Seçilmiş müraciətlərin müəlliflərinin 2022-ci ilin sentyabr ayında beynəlxalq və milli mütəxəssislərin iştirakı ilə Bakıda keçiriləcək Təlimdə iştirakı tələb olunur.
Mərhələ 3. Təlim çərçivəsində hazırlanmış elmi tədqiqat və məqalələrə dair ideyaların müsabiqəyə təqdim edilməsi və Münsiflər Heyəti tərəfindən ən yaxşı 10 müəllifin seçilməsi.
Seçilmiş 10 müəllif üçün elmi tədqiqatların nəticələrinin statistik təhlili və beynəlxalq elmi jurnallar üçün məqalələrin yazılmasına dair əlavə təlim keçiriləcəkdir. Bu təlimin sonunda elmi-tədqiqat qrupları yaradılacaq və Avropanın aparıcı universitetlərindən olan mentorlarla birgə 10 layihəyə start veriləcəkdir.
Tarixlər.
Mərhələ 1 üçün müraciətlərin son tarixi: 20 avqust 2022-ci il tarixidir. Bu tarixdən gec daxil olan müraciətlərə baxılmayacaqdır.
Müraciət formasına keçid linki burada: https://ref.az/3BY2e25