27 İYUN 2022
Səhiyyə işçiləri arasında vaksinlərin effektivliyinin öyrənilməsi üzrə tədqiqat aparılır
Ölkəmizdə səhiyyə işçiləri arasında yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi üzrə tədqiqatın II mərhələsi aparılır. Bu genişmiqyaslı araşdırma Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən həyata keçirilir.
Qeyd edək ki, ÜST-nin dəstəyi ilə 2021-ci ilin aprel ayından etibarən ölkəmizdə 1500 tıbb işçisinin (həm həkimlər və orta tibb personalı, həm də xəstəxanaların inzibati və texniki əməkdaşları) iştirakı ilə COVID-19 xəstəliyinə qarşı vaksinlərin effektivliyinin öyrənilməsinə başlanıb. Tədqiqat bir çox Avropa ölkəsində eyni vaxtda həyata keçirilir. Tədqiqatın bu mərhələsində, infeksiyanı təbii keçirmiş və 2, 3 və hətta 4 doza vaksinasiyadan sonra immunitetin nə qədər qalıcı və güçlü olduğunu müəyyən etmək nəzərdə tutulub. Həmçinin payız və qış aylarında COVID-19 ilə yanaşı, qrip infeksiyası hallarının artma potensialını və iki infeksiyaya məruz qalan şəxslərin daha ağır xəstəlik keçirməsi ehtimalını nəzərə alaraq, tədqiqatın ikinci mərhələsində qrip virusunun yayılması və başvermə tezliyi də öyrəniləcək.
Ölkəmizdə bu tədqiqatın uğurla aparılmasına yardım edən səhiyyə və tibb müəssisələrinin rəhbərlərinə, həvəslə iştirak edən könüllülərə dərin təşəkkürümüzü bildiririk.