30 İYUN 2022
Azərbaycan Avropada tibbi savadlılıq vəziyyətini öyrənən M-POHL-HLS ölkələrarası şəbəkə toplantısına qoşuldu
Azərbaycan Avropa ölkələrində tibbi savadlılıq vəziyyətini öyrənən M-POHL-HLS (Health Literacy Survey Network) ölkələrarası şəbəkə toplantısına qoşuldu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilk dəfə olaraq, bu şəbəkənin hər il keçirilən toplantısında iştirak etdi.
COVID pandemiyası dövründə əksər insanlar düzgün məlumat əldə etməkdə çətinlik çəkirdi, digər tərəfdən isə, sosial media yalnış mesajların və dezinformasiyaların daha surətlə yayılması baxımından ənənəvi KİV ilə müqayisədə daha yüksək risk yaradırdı.
Toplantıda bir daha vurğulandı ki, hazırda tibbi savadlılığın artırılması insanları və cəmiyyəti COVID-19 pandemiyası dövründəki kimi fövqəladə hallara hazırlamaq üçün çox vacib hesab olunur. Qeyd edildi ki, COVID-19 pandemiyası dövründə tibbi savadlılığın əhəmiyyəti lazımi səviyyədə qiymətləndirilmədi. Pandemiya başladığı dövrdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhali arasında COVID-19 pandemiyasına münasibəti öyrənən 6 mərhələli sorğu keçirdi. Sorğunun nəticələrindən məlum oldu ki, əhalinin məlumatlılıq səviyyəsi informasiyaları anlamaq və təhlil etmək üçün kifayət qədər lazımi səviyyədə deyil. Odur ki, iştrakçıların əksəriyyəti peyvənd olunmaq, pandemiya dövründə təhlükəsizlik qaydalarına riayət etmək və sağlam həyat tərzi sürmək istəmirdi.
Bu yaxınlarda tibbi savadlılığın müəyyən olunması üzrə Avropada aparılan tədqiqat müəyyən etdi ki, səkkiz Avropa ölkəsinin yetkin insanlarının demək olar yarısı tibbi savadlılığın kifayət qədər olmamasından əziyyət çəkir və bu da onların sağlamlıqlarına mənfi təsir göstərir.
Qeyd edilənləri nəzərə alaraq, ötən il İSİM tərəfindən ölkəmizdə ÜST-nin metodologiyasına əsasən Azərbaycan əhalisinin tibbi savadlılığını müəyyən edən araşdırma apardı və tezliklə onun nəticələri geniş ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, İSİM həmçinin uşaqlarda piylənmə (COSI), məktəbyaşlı uşaqların davranışları (HBSC) və risk faktorları üzrə (STEPS) araşdırmalar aparan Avropa ölkələri sırasındadır.