7 AVQUST 2019
Cenevrədə “Bioloji silah konvensiyası” üzrə mütəxəssislərin görüşü keçirildi
28-31 iyul və 4-7 avqust 2019-cu il tarixdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki Ofisində “Bioloji silah konvensiyası” üzrə mütəxəssislərin görüşü keçirildi.
6-7 avqust 2019-cu il tarixdə keçirilən sessiyalarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Nabil Seyidov da iştirak etdi.
Britaniya Tibb Jurnalının (BMJ) nümayəndələrinin iştirakı ilə keçən sessiyalarda “Konvensiya ilə əlaqəli elm və texnologiya sahəsində inkişafın icmalı”, “Konvensiyanın milli müstəvidə icrasının gücləndirilməsi”, “Konvensiyanın institusional gücləndirilməsi”, “Konvensiyanın X maddəsi çərçivəsində əməkdaşlıq və yardımın gücləndirilməsi” və s. mövzularda müzakirələr aparıldı və iştirakçıların rəyləri dinlənildi.
Qeyd edək ki, “Bioloji silahlar haqqında” Konvensiya və ya “Bioloji və toksin silahlar haqqında” Konvensiya kimi tanınan “Bakterioloji (bioloji) və toksin silahlarının hazırlanmasının, istehsalının və ehtiyata yığılmasının qadağan olunması və onların məhv edilməsi haqqında” Konvensiya 1972-ci ildə imzalanmış və 1975-ci ildə qüvvəyə minmişdir. Hər növ kütləvi qırğın silahlarının qadağan və məhv edilməsindən ibarət olan ümumi və tam tərksilah yolunda səmərəli irəliləyişə nail olmaq məqsədi daşıyan Konvensiya öz növbəsində ilk beynəlxalq tərksilah müqaviləsi oldu. Azərbaycan Respublikası 2003-cü ildən Konvensiyanın üzvüdür.
Şəkillərlə burada tanış olmaq olar.