16 İYUL 2019
İctimai Səhiyyə və İslahatlar Mərkəzi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumu imzalandı
15 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirildi.
Memorandum İSİM-in direktoru Qəhrəman Haqverdiyev və Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev arasında imzalandı.
İSİM-in direktoru bu əməkdaşlığın ölkədə aparılan səhiyyə islahatlarına və icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək göstərəcəyini vurğuladı.
Agentliyin İdarə Heyətinin sədri bildirdi ki, memorandum iki qurum arasında əməkdaşlığın çərçivəsini müəyyən edir: “Memorandumda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə uğurlu nəticə əldə etmək məqsədilə Agentlik ilə İSİM arasında təcrübə və məlumatları paylaşmaq, gələcək əməkdaşlıq üçün potensial sahələri müəyyənləşdirmək, tədbir və ya digər spesifik fəaliyyətləri birgə təşkil etmək planlaşdırılıb”.
Tərəflər arasında imzalanan memorandum 2020-ci ildən etibarən icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək tibb müəssisələrində istifadə ediləcək tibbi qayda, təlimat və standart əməliyyat prosedurlarının hazırlanması ilə bağlı Səhiyyə Nazirliyi ilə birgə fəaliyyəti nəzərdə tutur. Sənədlərin hazırlanmasında müvafiq sahələr üzrə aidiyyəti mütəxəssislərin iştirakları planlaşdırılıb.
Şəkillərlə burada tanış olmaq olar.