26 İYUL 2019
Xaçmaz, Gəncə və Şəki şəhərlərində “Humanitar sahələrdə reproduktiv sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsi çərçivəsində təlimlər keçirildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2019-cu il üçün mülki müdafiə tədbirləri planına əsasən, BMT-nın Əhali Fondu (UNFPA) tərəfindən strateji araşdırmalar, strateji siyasətin işlənib hazırlanması və fövqəladə hallara qarşı hazırlıq sahələrində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində “Humanitar sahələrdə reproduktiv sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsi həyata keçirilir.
Layihənin icrası ilə əlaqədar 10-12 iyul Xacmaz, 18-20 iyul Gəncə və 25-27 iyul 2019-cu il tarixdə Şəki şəhərlərində humanitar sahələrdə reproduktiv sağlamlıq üzrə MİXP-nin əlaqələndirilməsi və tətbiqi üzrə təlimlər təşkil olundu.
Təlimlər İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Teymur Hüseynov, Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunun Ambulator-diaqnostika şöbəsinin müdiri Gülnarə Rzayeva, 5 nömrəli doğum evinin Qadın məsləhətxanası şöbəsinin müdiri Leyla Məmmədova tərəfindən aparıldı. Xaçmaz, Xızı, Siyəzən, Şabran, Xudat, Gəncə, Qazax, Şəmkir, Tovuz, Şəki, Qəbələ, Oğuz və Zaqatala üzrə mərkəzi rayon xəstəxanalarının baş həkimləri, baş həkim müavinləri, mülki müdafiə üzrə qərargah rəisləri, xəstəxanaların ginekologiya şöbələrinin müdirləri, habelə Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin tibb idarələrinin nümayəndələri iştirak etdilər.
Ekspertlər fövqəladə hallarda cinsi və reproduktiv sağlamlıq (CRS) üzrə tədbirlər, həmçinin cinsi və gender zorakılığı zamanı yardım və dəstək üçün yaranan maneələr, zorakılıq qurbanları üçün təşkil olunan tibb xidmətləri, fövqəladə hallar zamanı İİV və cinsi yolla yoluxan infeksiyaların profilaktikası barədə ətraflı məlumat verdilər. Təlimlər çərçivəsində tibb işçilərinin fövqəladə hallara hazırlığının yoxlanılması məqsədilə simulyasiya keçirildi, göstərilən tibbi yardımlar müzakirə olundu və tibb işçilərinə müvafiq metodik tövsiyələr verildi.
Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin dəstəyi ilə keçirildi.
Şəkillərlə burada tanış olmaq olar.