16 OKTYABR 2018
Ağstafada “Qeyri-infeksion xəstəliklərin əsas risk faktorları” mövzusunda maarifləndirici tədbir keçirildi
16 oktyabr 2018-ci il tarixdə Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Qeyri-infeksion xəstəliklərin (QİX) əsas risk faktorları” mövzusunda maarifləndirici tədbir keçirildi. Ağstafa rayon mərkəzi xəstəxanasının, doğum evinin tibbi heyəti və 1, 2, 3 saylı orta məktəblərin, texniki humanitar təmayüllü liseyin yuxarı sinif şagirdləri tədbirdə iştirak edirdilər.
Ağstafa rayon icra hakimiyyətinin nümayəndəsi Şahhüseyn Qurbanov, Ağstafa Regional Bilik Evinin müdiri Leyla İsayeva çıxış edərək bildirdilər ki, belə maarifləndirici tədbirlər sağlam gəncliyin formalaşmasında mühüm rol oynayır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Lətafət Dadaşova geniş təqdimatla çıxış edərək, iştirakçılara qeyri-infeksion xəstəliklər qrupuna daxil olan dörd əsas patologiya: ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, xroniki obstruktiv ağciyər xəstəlikləri və şəkərli diabet barədə ətraflı məlumat verdi. Onun çıxışında vurğulandı ki, sağlamlığı qorumaq üçün erkən yaşlardan aktiv həyat tərzi keçirmək, bədən tərbiyəsi və idmanla məşğul olmaq, düzgün qidalanmaq, QİX-lərin əsas risk faktorları - alkoqol, siqaret və narkotiklərdən uzaq durmaq lazımdır.
Tədbirin sonunda iştirakçılarla QİX-in profilaktikası və sağlam həyat tərzinin təbliği ilə bağlı geniş fikir mübadiləsi aparıldı və onlara İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanıldı.