18 OKTYABR 2018
Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində Tərtər rayonunda zona toplantısı keçirildi
17 oktyabr 2018-ci il tarixdə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində Tərtər rayonunda zona toplantısı keçirildi. Tərtər rayon Mədəniyyət evində keçirilən tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, rayon rəhbərliyi, Yuxarı Qarabağ iqtisadi rayonuna daxil olan rayonların gəncləri iştirak etdilər.
Toplantı başlamazdan əvvəl Rayon İcra Hakimiyyətinin qarşısındakı mərkəzi meydanda hərbçilərin xüsusi hazırlıqlarının nümayişi oldu. Toplantını giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov gənclərin cəmiyyətin inkişafındakı əvəzsiz rolundan danışdı və bildirdi ki, belə tədbirlər, görüşlər yeni nəslin sağlam inkişafında mühüm əhəmiyyət daşıyır. Digər rəsmilərin də çıxışından sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Lətafət Dadaşova “Gənc nəslin sağlamlığının qorunması, qeyri-infeksion xəstəliklərə yoluxmanın qarşısının alınması və səhiyyədə ən son texnologiyalar” mövzusunda toplantı iştirakçılarına geniş məlumat verdi. O, dünya miqyasında, o cümlədən Azərbaycanda qeyri-infeksion xəstəliklər üzrə mübarizənin səhiyyə sisteminin əsas prioritet vəzifələrindən biri olduğunu vurğulayaraq, gəncləri zərərli vərdişlərdən uzaq olmağa, öz sağlamlıqlarına məsuliyyətlə yanaşmağa, sağlam həyat tərzi keçirməyə çağırdı.
Toplantı iştirakçıları tərəfindən yeni nəslin sağlam inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, gəncləri maraqlandıran suallar cavablandırıldı.