Səhiyyə Nazirliyinin 07.03.2016-cı il tarixli 16 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində sorğu həyata keçirilmişdir.
2016-cı ildə İSİM tərəfindən aparılmış “Məktəbyaşlı uşaqların qidalanma vərdişlərinin öyrənilməsinə dair Sorğu” aşağıdakı məsələləri aydınlaşdırmağa imkan verib:
•məktəbdə məxsusi qidalanmanın təşkili,
•məktəb bufet və ya yeməkxanalarının (kafeterilərinin) mövcudluğu və texniki imkanları,
•məktəbdə satılan və ya verilən yeməklər və qida məhsullarının çeşidi,
•məktəbdə qidalanmanın təşkili üzrə daxili təlimat qaydalarının əhatəliliyi.
Sorğunun nəticələrinin aşağıdakı iki istiqamətdə istifadə edilməsi nəzərdə tutulmuşdur. Birincisi, 2016-cı ildə aparılan sorğunun nəticələri baza səviyyəsini müəyyənləşdirəcək və gələcəkdə aparılacaq oxşar sorğuların nəticələri ilə müqayisəyə imkan verəcəkdir. İkincisi, sorğunun nəticələri məktəbyaşlı uşaqların sağlam qidalanması üçün məktəb və milli səviyyəli təlimatların və ya siyasətin formalaşdırılması üçün istifadə edilə bilər. Bu, o deməkdir ki, gələcəkdə aparılan oxşar tədqiqatlar bu təlimatların və ya siyasətlərin icrası vəziyyətini qiymətləndirməyə də imkan verəcəkdir.
Sorğunun aparılması üçün təşkil edilmiş İşçi Qrup həm İSİM-in əməkdaşları, həm də Təhsil Nazirliyi və Azərbaycan Tibb Universitetinin mütəxəssislərindən ibarət olub. İşçi Qrupda aparılmış müzakirələrin nəticəsi olaraq, sorğunun intervüyer ilə məktəbli, intervüyer ilə valideyn və intervüyer ilə müəllim arasında sorğu-sual formatında aparılması razılaşdırılmışdır.
Sorğu Bakı şəhəri və Respublikanın seçilmiş 7 rayonunda fəaliyyət göstərən 25 tam orta məktəbdə və məktəbətrafı icmada 2016-cı ilin noyabr-dekabr aylarında aparılmışdır. Seçilmiş rayonlar bütün inzibati regionları təmsil etdiyi üçün məktəbyaşlı uşaqların qidalanması ilə bağlı əldə edilən nəticələr bütöv ölkəyə də şamil edilə bilər. Sorğular həm şəhər və ya rayonun mərkəzi məktəblərində, həm də kənd məktəblərində aparılmışdır. Bu, böyük və kiçik, şəhər və kənd məktəbləri arasında olan fərqləri müəyyən etmək üçün tələb olunub.
Məktəblər seçilərkən, həmin rayonda fəaliyyət göstərən məktəblərin şagird sayı və məktəblərin rus və azərbaycan dilli olması da nəzərə alınmışdır. Hər bir məktəbdə 2-11-ci siniflərin sayının ən azı iki olması nəzərə alınmaqla, bütün şəhər-rayonlar üzrə məktəblərin siyahısında sistemli şəkildə 25 tam orta məktəb sorğuda iştiraka seçilmişdir.
Hər bir məktəbdə hər bir sinifdən 8 şagird seçilməklə, məktəb üzrə sorğuda iştirak edəcək şagirdlərin sayı 80 nəfər müəyyən edilmişdir. Cəmi 25 məktəb üzrə sorğuda 2004 şagird iştirak etmişdir.
2016-cı ildə aparılmış araşdırma göstərib ki, Azərbaycan məktəblilərinin dəmək olar ki, hamısı məktəbdə evdən gətirilən yeməklər və məktəb bufet və ya yeməkxanalarında alınan yeməklərdən hər gün faydalanır. Məktəbdə qəbul edilən yeməklərin seçimi onların sağlamlığına ya mənfi təsir göstərə bilər, ya da sağlam qidalanma vərdişlərinin formalaşdırılmasına müsbət təsir göstərməklə yanaşı sağlamlığın yaxşılaşdırılmasına töhfə verə bilər.
LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Səbinə Babazadə
ƏLAQƏ: [email protected]