6 APREL 2017
“Hərəkətdəsən! Pozitivsən!” şüarı altında gənclərin sağlamlıq festivalı keçirildi (FOTO)
Artıq neçə illərdir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ictimaiyyət arasında idmanın və sağlam həyat tərzinin təbliği və təşviqi istiqamətində müxtəlif dövlət qurumları ilə birgə olduqca maraqlı aksiyalara imza atır. Bu sırada hər il əhalinin böyük marağına səbəb olan 6 aprel - Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunan “Gənclərin sağlamlıq festivalı”nı xüsusi qeyd etmək lazımdır.
6 aprel 2017-ci il tarixdə Bakının Xətai rayonunda yerləşən Heydər Əliyev adına parkda İSİM tərəfdaşları ilə birgə növbəti dəfə “Gənclərin sağlamlıq festivalı”nı keçirdi. “HərəkətdəSƏN, pozitivSƏN” şüarı altında baş tutan tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, İSİM və “İnkişaf naminə idman” İctimai Birliyi tərəfindən təşkil olundu.
Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş festivala DJ musiqisi ilə başlanıldı. Bu müddət ərzində parkın bir neçə yerində müxtəlif idman bölmələri fəaliyyətə başladı və nümunəvi çıxışlar göstərildi. İdman bölmələrində fəaliyyət göstərən məşqçi-təlimatçılar musiqi sədaları altında tədbirə təşrif buyuran ailələr və uşaqları da bu fəaliyyətlərə qatılmağa dəvət etdilər.
Tədbirin rəsmi hissəsində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva çıxış edərək sağlamlıq festivalının keçirilməsinin vacibliyindən danışdılar və “Sağlamlıq festivalı”nın məqsədinin gənclər, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etmək olduğunu bildirdilər.
Daha sonra mədəni-kütləvi tədbirdə 2017-ci ilin fevral ayından başlayaraq Xətai rayonu tam orta məktəbləri arasında keçirilən yarışlarda seçilən 5 tam orta məktəbin şagirdləri fiziki aktivliklə bağlı bir sıra müsabiqələr, şən, təhlükəsiz, inklüziv estafetlər və yarışlarda iştirak etdilər.
Tədbir zamanı gənclərə futbol, basketbol, akrobatika və yüngül atletika, boks üzrə fəaliyyətlər təqdim olundu.
Çıxışlardan sonra məşhur müğənnilərin ifasında musiqi nömrələri komandaların və azərkeşlərin ruhunu oxşadı.
Tədbirin sonunda estafetdə iştirak edən bütün məktəb şagirdləri sertifikat və medallarla təltif olundular. 1-ci (245 saylı orta məktəb), 2-ci (138 saylı orta məktəb) və 3-cü (204 saylı orta məktəb) yerləri tutan məktəblər isə diplom, kubok və başqa hədiyyələrlə mükafatlandırıldılar.
Qeyd edək ki, bu festival “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”na uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, fiziki aktiv olmağın sağlamlığa olan faydaları haqda əhalini məlumatlanmağa yönəlmişdi. Çünki, Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrində yaşlı nəsillə bərabər cavanların da daha çox oturaq həyat tərzi keçirməsi bir sıra qeyri-infeksion xəstəliklərin inkişafına təsir göstərir. Oturaq həyat tərzi fiziki passivlik yaratmaqla dünyada geniş yayılmış depressiyanın yaranmasına da səbəb olur. Məhz buna görə də, Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən 2017-ci ilin Ümumdünya Sağlamlıq Günü (7 aprel) depressiya mövzusuna həsr olunub. “Gənclərin Sağlamlıq Festivalı”n keçirilməsi depressiyanın ən effektiv profillaktika metodlarından biri olan fiziki aktivliyin təbliği üçün çox vacibdir.
Sağlamlıq festivalı çərçivəsində, həmçinin əhalinin fiziki aktivliklə bağlı məlumatlandırılması məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı.
Kütləvi informasiya vasitələrinin işıqlandırdığı festival ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.