20 FEVRAL 2017
SOS uşaq Kəndində “İlk tibbi yardım” mövzusunda tədbir keçirildi
20 fevral 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə SOS uşaq Kəndində tədbir keçirdi. SOS uşaq Kəndinin heyəti olan analar və oranın həkimləri üçün təşkil edilmiş tədbir “İlk tibbi yardım” mövzusuna həsr olunmuşdu.
İstənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisə və qəfil xəstələnmə vəziyyətlərində yaxınlıqda tibb işçisi olmadığı halda xəsarət alana dərhal ilk yardım göstərmələrinin əhəmiyyəti haqda tədbir iştirakçılarına İSİM-in həkim-metodisti İnara Makayeva təqdimat etdi. Belə hallarda insanların özlərini itirmələrinin xəsarət alanın vəziyyətini bir qədər ağırlaşdırmasına səbəb olmasını vurğulayan natiq həkim gələnə qədər ilk yardım göstərmək qaydalarını hər kəsin bilməsinin vacib olduğunu bildirdi. O, qeyd etdi ki, zərərçəkmişə aldığı travmanın növündən və xarakterindən asılı olaraq dərhal tibbi yardım göstərilməli (qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması və s.) və zərərçəkmiş ən qısa müddətdə yaxındakı müalicə müəssisəsinə çatdırılmalıdır.
Təlimdə iştirakçılarla dialoq yaradan mütəxəssis müxtəlif xəstəlikli insanlara ilk tibbi yardımın necə tətbiq olunması və onların hansı xəstəliklərdən əziyyət çəkmələrini müəyyən etmək üçün bir neçə xəstəliyin əlaməti haqqında məlumat verdi.
Yekunda iştirakçıları maraqlandıran sualar cavablandırıldıqdan sonra onlarla xatirə fotosu çəkildi.