13 FEVRAL 2017
“Məktəblilər arasında fiziki aktivliyin inkişafı” mövzusunda tədbir keçirildi
13 fevral 2017-ci il tarixdə Sabunçu rayon 209 nömrəli tam orta məktəbdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə “Məktəblinin fiziki aktivliyinin inkişafı” mövzusunda seminarı baş tutdu. Tədbirdə İSİM-in əməkdaşı Elnarə Nuriyeva məktəblilərə və onların müəllimlərinə fiziki aktivliyin və sağlam həyat tərzinin əhəmiyyəti haqqında məlumat verdi. Mütəxəssis fiziki aktiv olmağın və sağlam həyat tərzi sürməyin yeniyetmə orqanizmi üçün vacibliyini vurğuladı, passiv həyat tərzi ucbatından yaranan xəstəliklər, onların risk amillərindən bəhs etdi: “5-17 yaş qrupunda olan uşaq və yeniyetmələr üçün fiziki aktivlik oyunlar, yarışlar, idmanla məşğul olma, gəzinti, sağlamlaşdırıcı tədbirlər, ailə, məktəb, rayondaxili bədən tərbiyəsi tədbirlərindən və ya dərslərindən ibarətdir. Bütün bunlar, ürək-damar sisteminin, skeletin, əzələ toxumasının möhkəmləndirilməsinə və qeyri-infeksion xəstəliklər riskinin azaldılmasına səbəb olur”. E.Nuriyeva, həmçinin İSİM-in əhalinin sağlamlığının qorunması naminə bu istiqamətdə həyata keçirdiyi işlər haqqında qısa məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirin sonunda məktəbliləri və digər iştirakçıları maraqlandıran suallar müzakirə olundu və onlarla xatirə fotosu çəkildi.