17 YANVAR 2017
“Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin tətbiqinə dair seminarlara başlandı (FOTO)
16-17 yanvar tarixlərində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə təşkil olunmuş “Sağlamlığı təşviq edən Məktəblər” mövzusunda ikigünlük seminar keçirildi. Tədbirdə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ÜST, UNFPA, UNİCEF, Qızıl Aypara Cəmiyyəti və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etdilər.
ÜST tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən Məktəblər” (School Health Education) şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilmişdir. Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına kömək etməkdir. “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin fəaliyyət və proqramları uzun müddət ərzində sistemli şəkildə Avropada və digər ölkələrdə həyata keçirilir və artıq özünün müsbət təsdiqini tapmışdır. Hazırkı seminar sözügedən şəbəkənin sağlam həyat tərzinin təbliği ilə bağlı təcrübə və tövsiyələrindən Azərbaycanın məktəblərində də istifadə edilməsi üçün təşkil olunmuşdur.
ÜST-nin Avropa Regional Bürosundan xüsusi olaraq dəvət olunmuş ekspertlərin iştirakı ilə keçirilən 2 günlük seminarın əsas məqsədi Azərbaycanda məktəb yaşlı uşaqların sağlamlığı və rifahının yaxşılaşdırılması üçün əsas imkanların müəyyən edilməsi, məktəblərdə sağlamlıq (səhiyyə) xidmətlərinin təşkili ilə əlaqədar mövcud strategiya və proqramların nəzərdən keçirilməsi, səhiyyə xidmətləri üçün mövcud ÜST standartları ilə tanışlıq və bu xidmətlər üzrə Azərbaycan üçün irəliyə doğru yolun müəyyən edilməsidir.
Tədbir iştirakçılarını, qonaqları salamlayan İSİM-in direktoru Ceyhun Məmmədov ilk olaraq Azərbaycanda dövlət tərəfindən uşaqlara daim qayğı göstərilməsindən danışdı. O, uşaqların sağlamlıq durumunun qorunub saxlanılmasını təmin edən bir sıra dövlət proqlamları, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş sənədlər haqda məlumat verdi. “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqlamı”, “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya” və digər mühüm sənədlərin adlarını qeyd edən C.Məmmədov dövlətimizin uşaqların sağlamlığının qorunmasına böyük diqqət göstərdiyini vurğuladı. Bu sahədə ÜST-nin tövsiyələrinə diqqət yetirən İSİM-in direktoru ÜST-nin Avropa Regionu üçün qəbul edilmiş “Səhiyyə – 2020” və “Uşaqlar və yeniyetmələrə dair səhiyyə strategiyası” kimi vacib sənədlərini xüsusilə qeyd etdi və ÜST-nin, qurumun ölkə nümayəndəliyinin, eyni zamanda UNFPA və UNİCEF-in də bu istiqamətdə atdıqları addımları dəstəklədiyini bildirdi. Çıxışının sonunda “Sağlamlığı təşviq edən Məktəblər” konsepsiyasının sadə olduğunu, lakin tətbiqinin heç də asan olmadığını qeyd edən C.Məmmədov məktəblərdə şagirdlərimizin sağlamlıqlarının qorunması üçün bu fəaliyyətin vacibliyini və aidiyyəti qurumların müştərək iş birliyini tələb etdiyini vurğuladı.
Seminarın ilk günü iştirakçılarla tanışlıq, məqsədlər, gözlənilən nəticələr, Avropada “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin təcrübələri, Azərbaycanda məktəblərdə uşaqların sağlamlıq vəziyyəti, cari vəziyyətin təhlili, məktəblərdə sağlam həyat tərzinin təşviqi, uşaqlarda sağlam davranışlarının necə inkişaf etdirilməsi, məktəbdəki rifahın onların gələcək həyatlarına təsiri kimi məsələlər müzakirə mövzusu oldu. İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Töhfə Cəmilova təqdimatı ilə tədbir iştirakçılarının diqqətini məktəb yaşlı uşaqlara hədəflənən və müxtəlif aspektlərdən İSİM tərəfindən aparılan tədqiqatlara yönəltdi.
Daha sonra seminarda çıxış edən ÜST-nin Avropa Regional Bürosunun müşaviri Martin Veber uşaq sağlamlığının inkişafı və bu inkişafda ÜST-nin rolu, məktəblərdə Sağlamlıq Xidmətlərinə dair ÜST-nin standartları və qaydaları haqqında, Avropada “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin sədri Quf Buics isə Avropada sözügedən şəbəkənin gördüyü işlər və bu inkişaf siyasətinin milli səviyyədə inkişafı üzrə lazımi fəaliyyətlər barədə tədbir iştirakçılarına geniş məruzələr etdilər.
Tədbir iştirakçısı olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Sağlam Təhsil – Sağlam Millət” layihəsinin koordinatoru Afət Suleymanova layihə barəsində iştirakçıları məlumatlandıraraq layihə çərçivəsində həyata keçirilən işlərdən danışdı. Daha sonra mövzu üzrə digər çıxışlar dinlənildi və qruplarda iş təşkil olundu.
Dəvət olunmuş ekspertlərin yerli məktəblərdə sağlamlığın qorunması üzrə mövcud vəziyyətlə tanışlıq üçün 17 yanvar 2017-ci il tarixdə Bakı şəhərinin iki məktəbinə ziyarəti baş tutdu. Bundan sonra seminarın işi davam etdirildi və yekunda iştirakçılar tərəfindən məktəblərdə sağlamlığın təşviqi üzrə yanaşmanın Azərbaycanda tətbiqi ilə bağlı təkliflər hazırlandı.
18-19 yanvar tarixlərində isə ÜST-nin Avropa Regional Bürosunun ekspertlərinin iştirakı ilə məktəblərdə oxuyan uşaqların sağlamlıq durumunun öyrənilməsi ilə bağlı təşkil olunacaq sorğuya dair İSİM-də seminar keçirilməsi nəzərdə tutulub.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.