20 DEKABR 2016
İSİM-də Azərbaycanda palliativ yardım xidmətlərinin inkişaf perspektivlərinə həsr olunmuş dəyirmi masa keçirildi (FOTO)
19 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Ölkədə palliativ yardım xidmətlərinin inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirildi. Tədbirin keçirilməsində məqsəd cari ilin avqust ayından başlayaraq İSİM-in mütəxəssisləri tərəfindən paytaxtda və 7 iqtisadi regionda (Abşeron, Gəncə-Qazax, Lənkəran, Aran, Quba-Xaçmaz, Şəki-Zaqatala və Dağlıq Şirvan) seçilmiş tibb müəssisələrinin rəhbərliyi, həkimləri, orta tibb personalı və bir qrup əhali arasında aparılan “Azərbaycanda palliativ yardım xidmətinə olan ehtiyacların qiymətləndirilməsi” sörğusunun nəticələrinə diqqəti yönəltmək idi. Qeyd ədək ki, palliativ yardım xidməti dedikdə əlillərə, ahıllara, ağır yataq xəstələrinə, zəiflərə və zərərə məruz qalmış insanlara, xəstəliyin ağırlaşan və geridönməz mərhələsi diaqnozu qoyulan pasiyentlərə həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə onlara və onların ailə üzvlərinə göstərilən xidmətlərin geniş tədbirlər sisteminin yaradılması nəzərdə tutulur.
Tədbir iştirakçılarını salamlayan İSİM-in direktoru Ceyhun Məmmədov onlara görüşün məqsəd və vəzifələrindən, palliativ yardımla bağlı çoxsaylı xidmətlərin əlaqələndirilməsindən bəhs etdi. O, ölkəmizdə palliativ xidmətin yaradılmasına olan ehtiyacları araşdırmaq məqsədi ilə İSİM tərəfindən aparılan sorğunun “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.1.3 və 9.3.1-ci bəndlərinə və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı” üzrə Fəaliyyət Planının 3.3.11-ci bəndinə uyğun olmasını bildirdi. Palliativ yardımın əhəmiyyətini qeyd edən C. Məmmədov cəmiyyətin, din xadimlərinin, sosioloqların da bu məsələyə önəm verməsini xüsusi vurğuladı.
Dəyirmi masa iştirakçısı olan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli ölüm ayağında olan xəstələrə səriştəli, tələblərə cavab verən tibbi, mənəvi, psixoloji yardımın edilməsinin, sosial xidmətlər göstərilməsinin vacibliyini vurğulayaraq, beynəlxalq təcrübəyə əsaslanmağın lazımlı olduğunu bildirdi. Digər tədbir iştirakçısı, Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji klinikasının baş həkimi Nəsimi Qasımov, onkoloji xəstələrə göstərilən palliativ yardımdan və 9 regionda fəaliyyət göstərən onkoloji dispanserlərdən danışdı.
Daha sonra “Azərbaycanda palliativ yardıma olan ehtiyacların qiymətləndirilməsi” layihəsi çərçivəsində aparılan sorğunun nəticələri ilə bağlı, İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin sosioloqu Ayşəm Balayevanın təqdimatı tədbir iştirakçılarının diqqətinə səbəb oldu. O, araşdırma zamanı palliativ yardım xidmətinin yaradılması üçün mövcud imkanlar və əngəllər müəyyən edildiyindən, gələcəkdə palliativ yardımdan faydalanacaq pasiyentlərin ehtiyac duyduqları dərman və digər tibbi ləvazimatların siyahısının ilkin olaraq müəyyənləşdirilməsində bu araşdırmanın yardımçı olacağını bildirdi. Məruzəçi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun dosenti Mətanət Qaraxanova isə “Azərbaycanda palliativ yardımın təşkilinə dair aparılmış fokus qrup müzakirələrinin nəticələri” barədə söz açdı. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və müzakirələr aparıldı.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.