22 DEKABR 2016
İSİM-də şagirdlərə sağlam qidalanma vərdişlərinin aşılanmasına dair tədbir keçirildi (FOTO)
20-21 dekabr 2016-cı il tarixlərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) ”Sağlam Təhsil - Sağlam Millət” proqramı çərçivəsində seçilmiş 34 ümumi təhsil məktəbinin müəllimləri üçün seminar keçirildi. Səhiyyə Nazirliyinin 07.03.2016-ci il tarixli 16 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.2.1-ci (Ümumi təhsil məktəblərində sağlam qidalanma vərdişlərinin aşılanması məqsədli tədbirlərin təşkili) bəndinə əsaslanaraq İSİM-də keçirilən bu tədbirin əsas məqsədi şagirdlər arasında sağlam qidalanma vərdişlərinin aşılanması idi. Müəllimlər üçün nəzərdə tutulan “Məktəb yaşlı uşaqların səmərəli qidalanması və uşaq müəssisələrində qidalanmanın təşkilinə tələblər üzrə rəhbərlik” İSİM və ATU-nun mütəxəssisləri tərəfindən tərtib edilmişdir.
Tədbir iştirakçılarını salamlayan İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, sağlam qidalanmanın, uşaqların qidalanması haqqında müəllimlərin valideynlərlə məlumat mübadiləsinin əhəmiyyətindən danışdı. O, həmçinin İSİM-in bu istiqamətdə gördüyü maarifləndirici işlər haqqında qısa məlumat verdi, eyni zamanda, uşaqlara sağlam qidalanma vərdişlərinin aşılanmasında valideynlər qədər müəllimlərin də öhdəliyi olduğunu vurğuladı.
İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova zülalların, mikro elementlərin, dəmirin, vitaminlərin uşaqların qidalanmasında əhəmiyyəti haqqında təlim iştirakçılarına geniş məlumat verdi. İştirakçıları maraqlandıran suallar cavablandırıldıqdan sonra, ayaqüstü yeməklərin, artıq çəki və piyləmənin fəsadları haqqında İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov təqdimat etdi. İştirakçılarla maraqlı müzakirələr aparan təlimçi məktəblilərə sağlam qida vərdişlərinin aşılanması üçün qida məhsullarının üzərindəki etiketlərin oxunması və qiymətləndirilməsinin vacibliyindən bəhs etdi. O, eyni zamanda, qidalanmada zərərli olan maddələr haqqında uşaqlara məlumat verməyin və onların zərərlərini izah etməklə uşaqları sağlam qidalanmağa təşviq etməyin lazımlı olduğunu vurğuladı.
Digər məruzəçi Azərbaycan Tibb Universitetinin dosenti və “Sağlam Təhsil - Sağlam Millət” layihəsinin eksperti Şəhla Balayeva tədbir iştirakçılarına idman qidaları, protein haqqında geniş məlumat verdi. Daha sonra, təlimdə iştirak edən müəllimlərə səmərəli qidalanmada düzgün ərzaq seçimi etmək üçün kulinar - Mübariz Vəliyev məlumat verdi. Uşaqları düzgün ərzaq seçimi ilə təmin etməyin fiziki cəhətdən olduğu qədər zehni baxımdan da əhəmiyyətindən danışdı.
Yekunda, iştirakçıları maraqlandırılan suallar cavablandırıldı və onlarla xatirə fotosu çəkildi.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.