28 NOYABR 2016
İSİM-in əməkdaşı Şanxayda keçirilən Səhiyyə Təşviqi haqqında 9-cu Qlobal Konfransda iştirak etdi
Səhiyyə Təşviqi haqqında 9-cu Qlobal Konfrans (9CHP) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Çin Xalq Respublikasının Milli Sağlamlıq və Ailə Planlaşdırılması Komissiyasının birgə fəaliyyəti nəticəsində Çinin Şanxay şəhərində təşkil olundu.
21-24 noyabr 2016-cı il tarixində baş tutan konfrans, Səhiyyə Təşviqi üçün yaradılan Ottava Nizamnaməsinin 30 illiyi kimi tarixi anda sağlamlıq və səhiyyə kapitalının təkmilləşdirilməsi, sağlamlıq təşviqi əhəmiyyətinin bərpa edilməsi, Davamlı İnkişaf Məqsədləri (DİM) kimi görünməmiş imkanların təmin edilməsi, üzv dövlətlərə birbaşa bələdçi qismində sağlamlığın təşviqi və davamlı inkişafa nail olmaq istiqamətində məlumatların verilməsinə yönəlmişdi.
Bazar ertəsi təntənəli açılış mərasimi ilə başlayan konfransın əsas məqsədlərini 2030-cu il üçün Davamlı İnkişaf Gündəliyi və inkişaf üçün strateji yanaşma və sağlamlığın təşviqi haqqında məlumatlanmağı artırmaq, bu inkişaf üçün gərəkli ehtiyacları müəyyən etmək, bu yolda tərəqqini sürətləndirə biləcək nünasları müəyyən etmək və onlar uğrunda çalışmaq təşkil edirdi.
“Sağlamlıq hamı üçün və hamı sağlamlıq üçün” sloqanı ilə təşkil olunmuş 4 günlük konfransda üzv dövlətlər, BMT və beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyətləri və beynəlxalq maliyyə institutları daxil olmaqla çağırılmış 750 dəvətli arasında Azərbaycandan təyin olunmuş Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov da iştirak etdi.
Konfransda sağlam şəhər mühitləri, səhiyyə kapitalı, eləcə də, ekoloji tənəzzül, iqlim dəyişikliyi, miqrasiya, sağlam mühitdə yaşaya bilmə ilə əlaqədar artan bərabərsizliklər, sosial təcridlər və bu təsirlərin azaldılması istiqamətində təcili atılmalı olan addımlar müzakirə olundu.
Konfransda qazanılmış biliklər əsasında iştirakçılar səhiyyə təşviqi haqqında geniş məlumatlara, sağlamlığın təşviqində ruhlandırıcı xüsusiyyətlərin nələrdən ibarət olduğuna və bu bütün bunları cəmiyyətdə genişlətməyin yolları haqqında informasiyalara yiyələndilər.