25 İYUL 2016
İSİM-in sosial xarakterli video çarxları “ASAN Xidmət” mərkəzlərində nümayiş olunacaq
26 iyul 2016-cı il tarixdən başlayaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) hazırladığı sosial video çarxları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN Xidmət" mərkəzlərində seyr edə biləcəksiniz.
Sağlamlığın qorunması, insanları zərərli vərdişlərdən uzaqlaşdırmaq və fiziki-aktiv həyat tərzini aşılamaq məqsədilə müntəzəm olaraq maarifləndirmə xarakterli tədbirlər həyata keçirən İSİM əhali arasında təbliğat aparmaq üçün hər dəfə yeni imkanlar arayır, müasir innovativ vasitələrdən geniş şəkildə istifadə etməyə çalışır. Bu baxımdan "ASAN Xidmət" mərkəzləri ictimai səhiyyə sahəsində təbliğat işi aparmaq üçün ən əlverişli məkandır.
Gün ərzində müxtəlif xidmətlərdən istifadə etmək məqsədilə əhalinin müraciət etdiyi "ASAN Xidmət" mərkəzlərində tütünçəkmənin zərərləri, sağlam qidalanma, məişət zorakılığı, uşaqların icbari dispanserizasiyası, fiziki aktivlik və sağlam həyat tərzi, qan donorluğunun vacibliyi və digər mövzularda hazırlanmış video çarxlar əhalinin diqqətini cəlb edəcəkdir.
Qeyd edək ki, bu istiqamətlərdə maarifləndirmə işi “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı” üzrə Fəaliyyət Planının 4.2-ci bəndinə müvafiq olaraq aparılır. Bu bəndə uyğun görülən maarifləndirmə işi qeyri-infeksion xəstəliklərlə mübarizə aparmaq üçün risk amillərinə qarşı (tütünçəkmə, qeyri-sağlam qidalanma, fiziki fəallığın az olması, spirtli içkilərdən sui-istifadə və s.) əhali arasında sübutlu və səmərəli tədbirlərin keçirilməsi məqsədinə xidmət edir.