16 İYUN 2016
İSİM-in nümayəndələri “14 iyun – Ümumdünya Qan Donoru Günü”nə həsr olunmuş xeyriyyə tədbirində iştirak etdilər
Hər il 14 iyun – Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur. 2005-ci il mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında qəbul edilmiş könüllü qan donorluğunu dəstəkləyən bəyanatdan irəli gələn bu günün keçirilməsi hər il müxtəlif şuarlarla dəstəklənir.
ÜST-nin bütün dünyaya bəyan etdiyi bu ilki kampaniyanın şüarı belə səslənir: “Qan hamımızı birləşdirir!”. Könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirməklə və qan donorları ilə pasientlər arasındakı “birlik” və “əlaqə” anlayışlarını xüsusi vürğulamaq məqsədi ilə bir çox ölkələrdə bu şuar altında maarifləndirici tədbirlər həyata keçirilir.
Azərbaycanda da hər il olduğu kimi 14 iyun tarixi xüsusi diqqətlə qeyd olundu.
“14 iyun - Ümumdünya Qan Donoru Günü” münasıbəti ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) daimi tərəfdaşları olan “LAYF” Xeyriyyə İctimai Birliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə bu günə həsr olunmuş xeyriyyə konserti keçirildi. Tədbir həm qan donorları, həm də donor qanına mütəmadi ehtiyacı olanlar üçün təşkil olunmuşdu. İSİM-in nümayəndələri bu tədbirdə iştirak etdilər.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə tədbir iştirakçılarının maraq və diqqədinə səbəb olan çıxışında təhlükəsiz qan ehtiyatının yaradılması hər bir ölkənin səhiyyə sahəsində milli siyasətin ayrılmaz hissəsi olmasından, təhlükəsiz donor qanına ehtiyacın günbəgün artmasından danışdı, İSİM-in qan donorluğunun inkişafı istiqamətində gördüyü işləri diqqətə çatdırdı.
Xeyriyyə tədbirinin sonunda tədbir iştirakçılarına qan donorluğu ilə bağlı İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.