13 MAY 2016
Uşaqlara qarşı zorakılığın aşkarlanması və təcili tibbi-psixoloji yardımın göstərilməsində səhiyyə işçilərinin rolu gücləndirilir
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) “Ümidli Gələcək” Gənclər Təşkilatı ilə əməkdaşlıqda 2015-ci ildən “Uşaqlara qarşı zorakılığın aşkarlanması və təcili tibbi-psixoloji yardımın göstərilməsində səhiyyə işçilərinin rolunun gücləndirilməsi və imkanlarının genişləndirilməsi” layihəsinin icrasına başladı. Layihənin əsas məqsədi uşaqlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı, cinsi, fiziki və psixoloji zorakılıq və laqeydlik hallarının erkən aşkarlanması, təkrar halların qarşısının alınması və tibb müəssisələrində zərərçəkmişlərə zəruri təcili tibbi-psixoloji yardımın göstərilməsi işinin gücləndirilməsidir.
Layihənin ilkin hazırlıq mərhələlərində beynəlxalq və yerli təcrübə araşdırılıb, Bakı və Gəncə şəhərlərində seçilmiş pilot uşaq poliklinika və xəstəxanalarında mövcud vəziyyətin öyrənilməsi məqsədilə sorğular keçirilib. Eləcə də pediatrların zorakılığa məruz qalmış uşaqlarla tibbi-psixoloji işin təşkili və yönəltmə mexanizmləri sahəsində bilik və bacarıqları artırılıb, müvafiq prosedur qaydalar və praktik tövsiyələr hazırlanıb.
2016-cı ildə də layihənin icrası uğurla davam etdirilir. Aprel-may aylarında Bakı və Gəncə şəhərlərinin seçilmiş uşaq poliklinikalarında məişət zorakılığına məruz qalan şəxslərə xidmət göstərən tibb işçiləri üçün 1 günlük təlim kursu keçirilib. Təlimlərdə ekspert qismində İSİM-in mütəxəssisləri iştirak ediblər. Bununla yanaşı, hazırlanmış Zorakılığa məruz qalmış uşaq və yeniyetmələrin tibbi müayinəsi üzrə prosedur qaydalar poliklinikaların işçi heyəti ilə müzakirə edilib, müvafiq təklif və tövsiyələr qeydə alınıb.