10 MAY 2016
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
2016-cı il mayın 10-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirildi. Tədbirdə İSİM-in tibb işçiləri və mütəxəssisləri iştirak etdilər.
İSİM-in direktoru Ceyhun Məmmədov giriş sözü ilə çıxış edərək müasir Azərbaycanın banisi Heydər Əliyevin öz xalqına, millətinə təmənnasız xidmətləri ilə yaddaşlara əbədi həkk olunduğunu bildirdi: “Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, demokratik, hüquqi dövlət qurulması, suveren Azərbaycanın Konstitusiyasının qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi məhz Heydər Əliyevin müstəsna xidmətləridir."
Ümummilli liderimizin həyat və fəaliyyət yollarına nəzər salan YAP-ın İSİM bölməsinin sədri Yeganə Vəliyeva görkəmli dövlət xadimi Heydər Əliyevin möhtəşəm fəaliyyətinin, onun mükəmməl konsepsiyaları və müdrik ideyalarının Vətənə, xalqa xidmətin misilsiz nümunəsi olduğunu nəzərə çatdırdı. Məruzəçi Ulu öndərin gənclərin vətənpərvərlik ruhunda böyüməsi və inkişafı məsələlərinə xüsusi diqqət ayırdığını, Azərbaycanın gələcəyinin bütövlükdə sağlam düşüncəli gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını bildirdi.
“Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda İSİM-in Təlim-resurs şöbəsinin müdir müavini Nahidə Mahmudova çıxış etdi. Ulu öndərin Azərbaycan qadınının cəmiyyətdəki fəallığının artırılması istiqamətindəki fəaliyyətinə diqqəti çəkən məruzəçi bununla da Azərbaycanın qadın hərəkatında yeni mərhələ, nəzərəçarpacaq yüksəliş, fəallıq və təşkilatlanma mərhələsinin başlanıldığını diqqətə çatdırdı: “Hazırda Azərbaycan qadınlarının müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatında getdikcə artan rolu və mövqeyi bizim milli dövlətçilik tariximizin ən böyük uğurlarındandır. Bu uğurlar bir tərəfdən Azərbaycanda qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən isə ölkə rəhbərliyinin həyata keçirdiyi strateji inkişaf xəttində qadın siyasəti ilə bağlı seçilmiş prioritetlər üzərində qərar tutur.”
Tədbirin sonunda İSİM-in direktoru vurğuladı ki, Azərbaycan bu gün müstəqillik yolu ilə inamla addımlayır. Ümummilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə dinamik inkişaf müşahidə olunur və böyük nailiyyətlər əldə olunub. Yekunda direktor Prezidentin sözlərini vurğulayaraq dedi ki, biz Heydər Əliyevin yolu ilə gedirik və hamını bu yolda Heydər Əliyev siyasətinə sadiq qalmağa çağırdı.