• İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!
  • İSİM-də “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində KİV üçün dəyirmi masa keçirildi (FOTO)
  • İSİM-də “Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə seminar keçirildi (FOTO)
  • “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin tətbiqinə dair seminarlara başlandı (FOTO)
  • İSİM-də Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
  • İSİM-də şagirdlərə sağlam qidalanma vərdişlərinin aşılanmasına dair tədbir keçirildi (FOTO)
  • Gəncə məktəbliləri İSİM-in Sağlam Qidalanma Forumuna qatıldılar (FOTO)

XƏBƏRLƏR bütün xəbərlər

5 MAY 2016

Gənclər üçün sağlamlıq forumları keçirilir (FOTO)

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) mütəmadi olaraq, əhali arasında maarifləndirmə tədbirləri və gənclər üçün sağlamlıq forumları təşkil edir. Bu il də may ayında Bakı şəhərinin 7 rayonunda gənclər üçün sağlamlıq forumlarının keçirilməsi planlaşdırılır. Forumlar Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi, İSİM və “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı və Bakı şəhərinin Rayon İcra Hakimiyyətlərinin, rayon Gənclər və İdman İdarələrinin texniki dəstəyi ilə keçiriləcək.

Gənclər üçün sağlamlıq forumlarına 2016-cı il mayın 5-də Bakının Nərimanov rayonunda yerləşən Bakı Modern Məktəbində başlanıldı. “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən keçirilən forumda yeniyetmə və gənclər iştirak etdilər.

İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Rəşidova çıxış edərək əhalinin sağlamlığının qorunması mövzusunun daim diqqət və nəzarətdə saxlanıldığını vurğuladı. Bu istiqamətdə İSİM tərəfindən bir sıra tədbirlərin həyata keçirildiyini bildirdi: “Görülən hər bir iş, atılan hər bir addım insanların sağlamlığına, onların yaşam keyfiyyətinin yaxşılaşdırılmasına, ömür uzunluğuna yönəlib.”

İSİM-in ictimaiyyətlə əlaqələr üzrə meneceri Səadət Hənifəyeva tütünçəkmənin insan sağlamlığına ziyanları, təhlükələri və tütünçəkmə nəticəsində yaranan xəstəliklər barədə məlumat verdi: “Dünyada hər il 6 milyonadək insan tütünün zəhərli təsiri ilə yaranan xəstəliklər nəticəsində dünyasını dəyişir. XX əsrdə tütün epidemiyası dünyada 100 milyon insanın həyatına son qoyub.”

Tütün tüstüsündə insan orqanizmi üçün təhlükəli sayılan 4000-ə yaxın zərərli, o cümlədən xərçəng xəstəliyini yaradan kimyəvi maddə olduğunu vurğulayan məruzəçi “Hər bir insanın təmiz, tərkibində zərərli maddələr olmayan hava ilə nəfəs almaq hüququ var. Tütünçəkmə insanın sağlamlığına təhlükə yaratmaqla yanaşı, ona ciddi maddi zərər vurur!” deyərək gəncləri sağlam həyat tərzini seçməyə və öz sağlamlıqlarına qarşı məsuliyyət hissini gücləndirməyə çağırdı.

“Cəmiyyətdə erkən nikah problemi və erkən nikahların tibbi aspektləri” mövzusunda İSİM-in həkim-metodisti Nərgiz Kərimova təqdimat etdi: “Erkən yaşda anaların dünyaya gətirdiyi uşaqlar çox vaxt aşağı bədən çəkisi ilə doğulurlar. Erkən yaşda analardan doğulan uşaqlar arasında ölüdoğulma və körpə ölümü göstəriciləri 20-29 yaşda anaların dünyaya gətirdiyi uşaqlara nisbətən 50% üstünlük təşkil edir.” Məruzəçi erkən nikahların qarşısının alınmasında xüsusilə valideynlərin maarifləndirilməsinin əhəmiyyətini önə çəkdi.

Məişət zorakılığının mənfi təsirləri barədə İSİM-in ictimaiyyətlə əlaqələr üzrə meneceri Nərmin İlyasova məruzə etdi: “Ailədə ən çox zorakılığa qadınlar və uşaqlar məruz qalırlar. Zorakılıq qanuna zidd hərəkətdir, zorakılıqla mübarizədə öz hüquqlarınızı bilin.” Məruzəçi təhlükə anında insanların müraciət edə biləcəkləri müvafiq təşkilatların qaynar xətt və əlaqə nömrələrini nəzərə çatdırdı.

İnteraktivlik əsasında qurulan təqdimatların sonunda mövzular üzrə videoçarxlar izlənildi. Əhalinin maarifləndirilməsi istiqamətində İSİM-in həyata keçirdiyi tədbirlərdən və çap olunan nəşrlərdən söz açıldı, maarifləndirmə materialları paylanıldı.

Növbəti sağlamlıq forumlarında da yeniyetmə və gənclərin maarifləndirilməsi üçün İİV-infeksiyası xəstəliyi, gənclər arasında zərərli vərdişlərin: tütün və narkomaniyanın ziyanı, piylənmə, qeyri-sağlam qidalanma və fiziki passivlik, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam həyat tərzi və reproduktiv sağlamlığa dair məlumatlar veriləcək. Həmçinin erkən nikahların və məişət zorakılığının qarşısının alınması, dispanserizasiya barədə təqdimatlar olacaq.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.