• “Siqaret alma! Alma al!” aksiyasına start verildi (FOTO)
  • "ASAN xidmət" mərkəzində “Tütündən imtina səyyar kabineti” fəaliyyətə başladı (FOTO)
  • “Hərəkətdəsən! Pozitivsən!” şüarı altında gənclərin sağlamlıq festivalı keçirildi (FOTO)
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

22 APREL 2016

İSİM-in nümayəndələri “Mərkəzi Asiya və Şərqi Avropa ölkələrində qeyri-infeksion xəstəliklərin profilaktikası və onlarla mübarizə” mövzusunda təlim kursunda iştirak etdilər

2016-cı il aprelin 18-23-də Rusiya Federasiyasının paytaxtı Moskvada “Mərkəzi Asiya və Şərqi Avropa ölkələrində qeyri-infeksion xəstəliklərin (QİX) profilaktikası və onlarla mübarizə” mövzusunda ikinci təlim kursu keçirildi. Kurs Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin dəstəyilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu və ÜST-nin qeyri-infeksion xəstəliklərin profilaktikası, bu xəstəliklərlə mübarizədə siyasətin təşkili ilə bağlı mütəxəssis hazırlığı və təhsili üzrə mərkəzi tərəfindən təşkil olundu. İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin səhiyyənin idarə edilməsi üzrə ali məktəbinin bazasında keçirilən kursun əsas aktuallığı “Avropada 2016-2025-ci illərdə QİX-in profilaktikası və bu xəstəliklərlə mübarizə üzrə Fəaliyyət Planı”nın qəbulu ərəfəsində keçirilməsindədir. QİX üzrə milli proqram rəhbərləri və mütəxəssislərinin, milli səviyyədə QİX-lə mübarizədə siyasətin təşkili ilə məşğul olan şəxslərin iştirakçısı olduğu kursda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktorunun birinci müavini Rauf Məmmədov və Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Töhfə Cəmilova təmsil etdilər.

Kursda milli resurslar əsasında QİX-in profilaktikası və QİX-ə nəzarət sahəsində davamlı proqramların hazırlanması və möhkəmləndirilməsi, risk amillərinin azaldılmasında inkişafa nail olunması məsələlərinə diqqət edildi. Həmçinin QİX-lə mübarizə sahəsində ölkə nümunələri əsasında təcrübə mübadiləsi aparıldı, bu sahədə rast gəlinə biləcək maneələr və çətinliklər müzakirə edildi. QİX-lə mübarizədə kompleks yanaşmanın gücləndirilməsi məqsədilə gələcək addımlar müəyyən edildi və tövsiyələr dinlənildi. Kurs çərçivəsində iştirakçılar Rusiya Federasiyasının QİX-in profilaktikası və QİX-lə mübarizə sahəsində aparıcı elmi-araşdırma institutlarının nümayəndələri ilə görüşmək və fikir mübadiləsi aparmaq imkanı əldə etdilər.

ÜST-nin qeyri-infeksion xəstəliklərin profilaktikası və bu xəstəliklərlə mübarizə sahəsindəki strateji sənədlər əsasında hazırlanan kursun proqramı Avropa regionu ölkələrində QİX-in profilaktikası üzrə ölkə paketinin qəbuluna dəstəyə yönəldilib.