21 APREL 2016
Ana və uşaqların sağlamlığının qorunması naminə fəaliyyət davam etdirilir (FOTO)
2016-cı il aprelin 19-dan etibarən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Uşaqlarda təxirəsalınmaz vəziyyətlər və sonrakı həyat dəstəyi” mövzusunda təlimlərə başlanılıb. Türkiyənin “Beynəlxalq Yerüzü Doktorları” Humanitar Təşkilatı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Tibb Universiteti ilə birlikdə keçirilən təlimlərdə həkimlər və tibb bacıları iştirak edirlər. “Uşaqlarda təxirəsalınmaz vəziyyətlər və sonrakı həyat dəstəyi” proqramı problemli doğuş sonrası 5 yaşa qədər olan uşaqlar üzərində həyata keçirilir.
Aprelin 22-dək davam edəcək təlimlərdə təlimçi qismində türkiyəli mütəxəssislərlə yanaşı, İSİM-in mütəxəssisləri Şəhla İsmayılova və Nahidə Mahmudova çıxış edirlər. Təlimlər “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq və “Xoş Gəldin Körpə” Ana və Uşaq Sağlamlığını Dəstəkləmə layihəsi çərçivəsində həyata keçirilir.
“Xoş Gəldin Körpə” Ana və Uşaq Sağlamlığını Dəstəkləmə layihəsi Türkiyə Respublikası Başnazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən ana və uşaq sağlamlığının qorunması və körpə ölümlərinin azaldılmasının dəstəklənməsi məqsədilə 2014-cü ildən etibarən həyata keçirilir.
Layihə çərçivəsində 2014 və 2015-ci illərdə neonatal reanimasiya üzrə təlimlər keçirilib. Təlimlərlə yanaşı, geniş ictimaiyyəti məlumatlandıracaq broşür, afişa və internet banner yayımı ilə dəstəklənən kampaniya ilə regionları da əhatə edən genişmiqyaslı maarifləndirmə işi aparılıb. Layihə çərçivəsində həmçinin “Əmizdirmə məsləhətçiliyi” və “Körpələrdə eşitmə testi” təlim proqramları həyata keçirilib. Təlimlərdə həkimlər, tibb bacıları, mamalar və könüllülər iştirak ediblər.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.