18 DEKABR 2015
ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası”nın tətbiqinə dair dəyirmi masa keçirildi
2015-ci il dekabrın 18-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası”nın (NEAR-MISS CASE REVIEW metodikası) tətbiqinə dair dəyirmi masa keçirildi.
Giriş sözü ilə çıxış edən İSİM-in direktoru Ceyhun Məmmədov Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış NEAR-MISS CASE REVIEW metodikasının Azərbaycanda tətbiqinin məqsədini açıqladı: “Həyata keçirilən layihənin məqsədi ana və uşaq ölümünün səviyyəsinin azaldılmasıdır. Bu baxımdan təlimlər və seminarlarla yanaşı, doğuşayardım tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı monitorinq və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi üçün müzakirələr də aparılmalıdır. Ölümlə nəticələnmiş və ya uğurla qarşısı alınmış kritik halların təhlili, əməkdaşlar arasında təcrübə mübadiləsinin aparılması olduqca vacibdir. Burada komanda işinin peşəkarlığı ana və uşaq ölümünün qarşısının alınmasına kömək edir. Bizim də məqsədimiz buna nail olmaqdır.”
Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Təhminə Tağızadə layihənin uğurla həyata keçirilməsinə görə İSİM-ə minnətdarlığını bildirdi: “ÜST-nin bu metodikasının tətbiqi ölkə üçün çox vacibdir. Fəaliyyətin effektiv aparılması məqsədilə kadrların bilik və bacarıqlarının artırılması da diqqət ediləcək məqamlardır.”
İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov son ay ərzində 20 doğum evində məlumatlandırma seminarının təşkil edildiyini, daha sonra onlar arasından 4 pilot doğum evinin (Respublika Perinatal Mərkəzi, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Doğum şöbəsi, Kliniki Tibbi Mərkəz, Bakı Sağlamlıq Mərkəzi) seçilib orada müəyyən olunmuş meyarlara əsasən metodikanın tətbiqinin daha geniş miqyasda sınaqdan keçirilməsinə başlanıldığını nəzərə çatdırdı: “Bu doğum evlərində mütəmadi olaraq, kliniki hallar üzrə müzakirələrin aparılması nəzərdə tutulub. Bu müzakirələr fəaliyyətin səmərəli qurulmasına yönəldilib.”
Doğum evlərinin nümayəndələrinin çıxış etdiyi müzakirələrdə Respublika Perinatal Mərkəzində bu metodikanın sınaqdan keçirilməsinin əməkdaşlar tərəfindən müsbət qarşılandığı, NEAR-MISS CASE REVIEW metodikasının regionlarda tətbiqinə nail olmağın vacibliyi vurğulandı.