18 DEKABR 2015
İSİM-in nümayəndələri ÜST-nin tütünə qarşı mübarizəyə dair subregional seminarında iştirak etdilər
2015-ci il dekabrın 14-18-də Türkmənistanın paytaxtı Aşqabadda Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyasının həyata keçirilməsi ilə bağlı hüquqi məsələlər üzrə subregional seminar təşkil olundu. Seminarda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Tofiq Musayev, Rigina Baxşəliyeva və Rüfət Rəhimov təmsil etdilər.
ÜST-nin Avropa Regional Ofisinin təşkilatçılığı ilə keçirilən seminarın məqsədi MDB ölkələri arasında Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının tam potensialını nəzərə alaraq tütünlə mübarizənin daha effektiv aparılması idi.
Seminarda tütün əleyhinə mübarizədə effektiv siyasətin əsas komponentlərinə və onların icrasına, eləcə də təhlükəsizlik strategiyalarına diqqət yetirildi. Ölkə nümayəndələrinin təqdimatları maraqla dinlənildi, qrup müzakirələri aparıldı və praktik məşğələlər keçirildi. Əsas diqqət ictimai səhiyyənin problemlərindən olan tütünçəkmə ilə mübarizə üsullarına, qapalı yerlərdə, xüsusilə iş yerlərində, digər ictimai yerlərdə tütünçəkməni məhdudlaşdırmağın yollarına yönəldildi.
İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayevin "Azərbaycanda tütünlə mübarizənin perspektivləri" mövzusunda təqdimatı maraqla dinlənildi. İSİM-in keçirdiyi "Hər günün tütünsüz olsun!" aksiyası iştirakçılar tərəfindən həvəslə qarşılandı. "Mən siqaret çəkmirəm! Sən də çəkmə!" adlı xüsusi plakatdan istifadə edib fotoşəkil çəkdirərək onlar da bu aksiyaya qoşuldular.
Sonda iştirakçı ölkələrdə prioritetlər nəzərə alınmaqla, yaxın gələcək üçün tütünlə mübarizə ilə bağlı iş planları hazırlandı.