17 DEKABR 2015
Zərərli vərdişlərə dair maarifləndirmə tədbirləri davam edir
2015-ci il dekabrın 15-də Bakı şəhəri Nəsimi rayonu 5 nömrəli tam orta məktəbdə “Narkomaniya və zərərli vərdişlərə “Yox” deyirik!” başlığı altında maarifləndirici tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd zərərli vərdişlərə, o cümlədən narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi idi. Tədbirdən əvvəl qonaqlar mövzu ilə bağlı təşkil olunmuş dərslərin iştirakçıları oldular. Daha sonra isə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nərminə Gündüzlü ölkəmizdə narkotiklə mübarizəyə çox ciddi önəm verildiyini qeyd edərək narkomaniyanın bəşəriyyət üçün faciəyə çevrildiyini və zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğuladı.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev, rəis müavini, polis polkovnik leytenantı Vüsal Rüstəmov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Şəhla Mirzəzadə və Xanım Eyvazova şagirdləri maraqlandıran sualları cavablandırdılar, cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr verdilər.
Həmçinin qonaqların nəzəri zalda yerləşdirilən “Dəyər” ağacına yönəldildi: “Bu gün Azərbayan gəncləri sağlam həyat tərzi keçirməyə çox boyük dəyər verir və bununla bağlı məktəbimizin şagirdləri öz dəyərli fikirlərini “Dəyər” ağacından asıblar.”
Tədbir məktəbin “Virus” qrupunun rəqsi ilə tamamlandı.