6 NOYABR 2015
İSİM-də “Uşaq və gənclərə qarşı zorakılığın aşkarlanması və təcili tibbi-psixoloji yardımın göstərilməsində səhiyyə işçilərinin rolunun gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirildi
2015-ci il noyabrın 6-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Uşaq və gənclərə qarşı zorakılığın aşkarlanması və təcili tibbi-psixoloji yardımın göstərilməsində səhiyyə işçilərinin rolunun gücləndirilməsi” mövzusunda dəyirmi masa təşkil olundu. İSİM və “Ümidli Gələcək” Gənclər Təşkilatının əməkdaşlığı ilə keçirilən dəyirmi masanın məqsədi həkim və orta tibb işçiləri arasında 2015-ci ilin avqust ayında aparılmış “Məişət zorakılığına məruz qalmış şəxslərlə tibbi, sosial və psixoloji işin təşkili” məsələlərinə dair sorğunun yekuntəqdimatı və mövzu üzrə gələcəkdə görüləcək işlərin müzakirəsi idi. Tədbirdə Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, bir sıra poliklinikaların rəhbərləri və İSİM-in əməkdaşları iştirak etdilər.
Giriş sözü ilə çıxış edən İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə İSİM-in zorakılıqla mübarizə istiqamətində dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığından bəhs etdi. Zorakılıq hallarının aradan qaldırılması məqsədi ilə əhali arasında daima maarifləndirmə işinin aparılmasını deyən S.Babazadə məişət zorakılığına məruz qalmış şəxslərlə işləyən mütəxəssislər üçün tibbi, sosial və psixoloji işin təşkilinin səmərəli və keyfiyyətli aparılmasında yardımçı vəsaitlərin hazırlanmasından söhbət açdı: “Sorğu “Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq, İSİM tərəfindən məişət zorakılığına məruz qalmış şəxslərə tibbi-psixoloji yardımın göstərilməsi işinin təkmilləşdirilməsi məqsədi ilə aparılıb.”
“Ümidli Gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova keçirilmiş sorğunun məqsəd və vəzifələrindən, əldə olunmuş nəticələrdənbəhs etdi: “Sorğu Bakı və Gəncənin uşaq poliklinikalarını əhatə edib. Layihə çərçivəsində uşaqlara qarşı zorakılığın qarşısının alınmasında ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinin, xüsusilə dəpoliklinika həkimləri və pediatrlarının bu sahədə bilik və bacarıqları artırılıb.” Məruzəçi layihə çərçivəsində göstərdiyi dəstəyə görə İSİM-ə və sorğuda iştirak edən tibb ocaqlarının rəhbərlərinə minnətdarlığını bildirdi.Sorğu üzrə statistik məlumatları İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Teymur Hüseynov diqqətə çatdırdı.
Məruzələrdən sonra fikir mübadiləsi aparıldı.