5 OKTYABR 2015
İSİM-in tərəfdaşlığı ilə Narkomaniyaya Qarşı Mübarizə üzrə Gənclərin Regional Forumu keçirildi
2015-ci il oktyabrın 2-də Salyan rayon Heydər Əliyev Mərkəzində Narkomaniyaya Qarşı Mübarizə üzrə Gənclərin Regional Forumu keçirildi. Forum Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) tərəfdaşlığı ilə təşkil olundu.
Forumun əsas məqsədi region gənclərinin sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işləri aparmaq, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək vermək, o cümlədən gənclər arasında narkomaniyaya qarşı mübarizə üzrə birgə əməkdaşlıq imkanlarını yaratmaq idi.
Forum dövlət himni səsləndirildikdən sonra öz işinə başladı. Açılış nitqi ilə çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə Forumun əhəmiyyətini vurğuladı, bu təşəbbüsün yaranması zərurəti barədə fikirlərini bölüşdü. O, narkomaniyaya qarşı mübarizə sahəsində QHT və dövlət əməkdaşlığının çox uğurlu təşkili barədə Forum iştirakçılarını məlumatlandırdı.
Daha sonra Salyan rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, eləcə də ətraf rayonların gənclər və idman idarələrinin məsul əməkdaşları çıxış edərək, narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlər, həyata keçirilən proqram və layihələr barədə məlumat verdilər, gənclərə müvafiq tövsiyələrini çatdırdılar: “Narkomaniya bəşəri problem olaraq bütün dünyanı əhatə etməkdədir və bunun çox təhlükəli fəsadları ola bilər. Bu bəlaya qarşı mübarizə çox ciddi məsuliyyət və zaman tələb edir. Məhz bu səbəbdəndir ki, Azərbaycanda da narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin əsas məsələlərindən biri kimi hesab olunmaqdadır.”
Forumun ikinci hissəsində İSİM-in əməkdaşları Şəhla Mirzəzadə və Rüfət Rəhimov tərəfindən iştirakçı gənclərə narkomaniyaya qarşı mübarizə ilə bağlı məruzələr edildi, birgə əməkdaşlıq formaları müzakirə olundu.
Salyan və ətraf rayonlardan 500-ə yaxın yeniyetmə və gəncin iştirak etdiyi Forumun sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.