2 OKTYABR 2015
İSİM həkimlər üçün NEAR-MISS CASE REVIEW seminarlarının təşkilinə başladı
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) 2015-ci ilin sonuna kimi NEAR-MISS CASE REVIEW (NMCR) (hamiləlik və mamalıq ağırlaşmalarının tədqiqi) mövzusunda seminarların keçirilməsini nəzərdə tutub. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) və İSİM-in mütəxəssisləri tərəfindən keçirilən bu seminarlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"nın Azərbaycanda doğuşa yardım tibb müəssisələrində tətbiqi məqsədilə keçiriləcək və həmin yanaşmaya dair tanışlıq xarakteri daşıyacaq.
ÜST-nin "ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"nın tətbiqi üzrə ilk məlumatlandırıcı görüşlər 2015-ci il sentyabrın 28-də və oktyabrın 2-də İSİM-də təşkil olundu. Tədbirlərdə bu metodikanın praktik tətbiqinin zəruriliyi vurğulandı: “Azərbaycanda ana və uşaq sağlamlığının qorunması səhiyyənin prioritet istiqamətidir. Doğuşayardım xidmətinin təkmilləşdirilməsi sahəsində ciddi tədbirlər həyata keçirilib. Görülən tədbirlərin nəticəsi olaraq, Azərbaycanda ana və uşaq ölümünün səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına nail olunub. Bununla yanaşı, mama-ginekoloqlar hələ də ciddi mamalıq ağırlaşmaları ilə üzləşirlər. Əksər inkişaf etmiş ölkələrdə həmin ağırlaşmaların araşdırılması üçün ÜST-nin NEAR-MISS CASE REVIEW metodikası tətbiq olunur.”
Həmin metodika üzrə birinci seminar İSİM-də oktyabr ayının 6-8 tarixlərində ÜST-nin dəvət olunmuş beynəlxalq təlimçilər tərəfindən keçiriləcək.
Layihə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 sentyabr 2014-cü il tarixli 87 nömrəli əmri ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı"nın 6.3-cü bəndinə əsasən doğuşayardım tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı monitorinq və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi məqsədilə həyata keçirilir.