26 AVQUST 2015
Tütünlə mübarizə kampaniyası çərçivəsində İSİM-in mütəxəssisləri tərəfindən azərbaycan dilində videoçarx hazırlandı (VİDEO)
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (ISIM) ictimai-səhiyyə məsələlərinə aid olan sosial videoçarxların yerli şəraitə uyğunlaşdırılmasında daha bir layihəni yekunlaşdırdı. Avstraliyanın Yeni Cənubi Uels ştatının Onkoloji Xəstəliklər İnstitutunun “Sponge” tütünlə mübarizə kampaniyası çərçivəsində yaratdığı videoçarx İSİM-in mütəxəssisləri tərəfindən azərbaycan dilində hazırlandı.
“Sponge” tütünlə mübarizə kampaniyasının videoçarxı Avstraliyanın Yeni Cənubi Uels ştatının Onkoloji Xəstəliklər İnstitutu tərəfindən tütünə qarşı sosial televiziya reklamının əsasında tərtib edilmişdir. Bu kampaniya beynəlxalq səviyyədə böyük maraq doğurdu və kampaniyanın videoçarxı bir çox, o cümlədən rus və türk dillərində səsləndirildi.
Videoçarxda gündə bir qutu siqaret çəkən insanın ağciyərlərinə il ərzində daxil olan kanserogen mayenin miqdarı nümayiş edilir. Videoçarxda sadə, lakin çox təsiredici qrafikadan istifadə edilir ki, bu da siqaret çəkən insanları tütünün tüstüsünün sağlamlığa zərərli təsiri barədə düşünməyə və onları bu təhlükəli vərdişdən imtina etməyə vadar edir. Aparılmış tədqiqatlar göstərir ki, qrafik görüntülərdən istifadə edən və sağlamlığa mənfi təsiri əks etdirən videoçarxlar tütün çəkən insanlara daha çox təsir edir.