29 MAY 2015
“Səhiyyənin təşkili: Tibb təşkilatlarının effektiv idarə olunması” mövzusunda 3-cü Ümumrusiya beynəlxalq konfransı keçirildi
Konfransda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktor müavini Rahib Məmmədov təmsil etdi.
Konfransın keçirilməsində məqsəd regionlarda tibbi təşkilatların fəaliyyətinin effektivliyinin artırılması üçün böhrana qarşı görülən tədbirlərin, daxili ehtiyatlardan istifadə məsələlərinin müzakirəsi, təcrübə mübadiləsi və yeni şərtlər daxilində fəaliyyət üçün tövsiyələrin dinlənilməsi idi.
Konfrans 2015-ci il mayın 28-29-da Rusiya Federasiyasının paytaxtı Moskvada Rusiya Federasiyasının Səhiyyə Nazirliyi, Rusiyanın Səhiyyənin Təşkilatçıları Birliyi və Milli Tibbi Palatanın təşkilatçılığı ilə keçirildi. Konfrans çərçivəsində Rusiyanın Səhiyyə Təşkilatçıları Birliyinin 4-cü Qurultayı da baş tutdu.
Konfransda Rusiya Federasiyasının səhiyyənin idarə edilməsi orqanlarının rəhbərləri, tibbi təşkilat rəhbərləri, səhiyyənin təşkili üzrə kafedra müdirləri, peşəkar ictimai və sığorta təşkilatlarının rəhbərləri iştirak etdilər.
Konfransda 2015-2016-cı illərdə Rusiya səhiyyəsində olan əsas problemlər və bu problemlərin həlli yollarından söhbət açıldı. Real nümunələr əsasında regionlarda böhrana qarşı görülən tədbirlər, dərman vasitələrinə və tibb məhsullarına əlçatanlığın təminatı ilə bağlı fəaliyyət müzakirə olundu. Həmçinin stasionar şəraitdə tibbi yardımın, ilkin səhiyyə xidmətlərinin effektivliyinin artırılması, kadr potensialının inkişafı yollarından bəhs edildi.
Tibb təşkilatları səviyyəsində böhrana qarşı idarəetmə ilə bağlı baş həkimlər öz təcrübələrini bölüşdülər. “İxtisaslaşdırılmış və yüksək texnologiyalı tibbi yardımın göstərilməsi xüsusiyyətləri”, “Rusiya Federasiyasında tibbi yardımın keyfiyyətlə idarə olunmasında yeni üfüqlər” mövzularında təqdimatlar da maraqla qarşılandı.
Konfrans çərçivəsində o cümlədən 2014-cü il mayın 29-30-da keçirilmiş “Tibbi təşkilatların effektiv idarə olunması” mövzusunda 2-ci Ümumrusiya beynəlxalq konfransının nəticələrindən bəhs edildi. Ümumilikdə iştirakçılar Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin davamlı tibb və əczaçılıq təhsilinin inkişafı üzrə Əlaqələndirmə Şurasının “İctimai səhiyyənin təşkili” ixtisası üzrə zəruri biliklərə yiyələndilər.