“Fiziki aktiv olarsan, sağlamlığına təməl qoyarsan!” şüarı altında gənclərin sağlamlıq festivalı keçirildi (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

6 APREL 2015

“Fiziki aktiv olarsan, sağlamlığına təməl qoyarsan!” şüarı altında gənclərin sağlamlıq festivalı keçirildi (FOTO)

Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrində insanlar daha çox oturaq həyat tərzi keçirir, bu da nəticədə qeyri-infeksion xəstəliklərin inkişafına və ümumilikdə dünya əhalisinin sağlamlığına təsir edir. 2013-2014-cü illərdə “6 aprel – Ümumdünya Fiziki aktivlik Günü” münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Bakının Nərimanov və Binəqədi rayonlarında keçirilmiş gənclərin sağlamlıq festivalları ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Bu aksiyalarda gənclər, xüsusilə yeniyetmələr arasında sağlam həyat tərzi təbliğ və təşviq edilib.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 6.6.1(4)-cü bəndinə uyğun olaraq, 2015-ci il aprelin 6-da Xəzər rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında gənclərin növbəti sağlamlıq festivalı keçirildi. “Fiziki aktiv olarsan, sağlamlığına təməl qoyarsan!” şüarı altında keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti, İSİM və “İnkişaf Naminə İdman” İctimai Birliyidir. Sağlamlıq festivalının məqsədi gənclər, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.

Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş festivala fləşmob və DJ musiqisi ilə başlanıldı. Bu müddət ərzində parkın bir neçə yerində müxtəlif idman bölmələri fəaliyyətə başladı və nümunəvi çıxışlar göstərildi. İdman bölmələrində fəaliyyət göstərən məşqçi-təlimatçılar musiqi sədaları altında tədbir yerinə təşrif buyuran ailələr və uşaqları da bu fəaliyyətlərə qatılmağa dəvət etdilər.

Tədbirin rəsmi hissəsinə kimi parkın ayrı-ayrı hissələrində yaradılmış guşələrdə uşaqlar və gənclər üçün face painting (üz naxışlama) tattoo (əl və qol üçün naxışlama), rəssamlıq və digər bu kimi xidmətlər təklif olundu. Bütün bu xidmətlər tədbirin əsas mövzusu ilə bağlı idi.

Tədbirin rəsmi hissəsində millət vəkili Rauf Əliyev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev çıxış edərək sağlamlıq festivalının keçirilməsinin vacibliyindən bəhs etdilər: “Bakı 2015 Avropa Oyunları ərəfəsində bu festivalın keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Gündən-günə inkişaf edən Azərbaycana müstəqil, sağlam vətəndaşlar gərəkdir. Sağlam olmaq üçün fiziki aktiv olmaq lazımdır!”

Festival çərçivəsində fiziki aktivliklə bağlı bir sıra müsabiqələr, o cümlədən Mərdəkan və Şüvəlan qəsəbələrinin Mədəniyyət evlərinin, eləcə də Xəzər rayonunun Gənclər evinin rəsm dərnəyinin üzvlərinin iştirakı ilə rəsm müsabiqəsi, müğənnilərin, kapoeyra qrupunun, akrobatların, “Odlar yurdu” bədii gimnastika və rəqs qrupunun nümunəvi çıxışları izlənildi.

Estafet yarışlarında Xəzər rayonunun 5 ümumtəhsil məktəbindən 10 nəfər (13-15 yaşlı) şagird iştirak etdi. Hər komandaya ən azı 50 nəfərlik şagird və müəllim heyətindən ibarət azarkeş kütləsi dəstək verirdi. Estafet yarışlarında orta məktəb şagirdləri ilə bərabər Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin şagirdləri də fəal iştirak etdilər. Tədbir zamanı gənclərə qılıncoynatma, futbol, basketbol, akrobatika və yüngül atletika üzrə fəaliyyətlər təqdim olundu. Maraqlı və əyləncəli idman fəaliyyətlərindən biri də parkın görüntülü yerində quraşdırılmış üfürülmə idman qurğusundakı yarışların təşkili idi.

Sağlamlıq festivalının sonunda estafetdə iştirak edən bütün məktəb şagirdləri sertifikat və medallarla təltif olundu, 1 (183 saylı orta məktəb) 2 (156 saylı orta məktəb), 3-cü (123 saylı orta məktəb) yerləri tutan məktəblər isə diplom, kubok və başqa hədiyyələrlə mükafatlandırıldılar. Sertifikat və mükafatları Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, İSİM-in şöbə müdirləri Səbinə Babazadə və Aynur Rəşidova təqdim etdilər.

Sağlamlıq festivalı çərçivəsində həmçinin əhalinin fiziki aktivliklə bağlı məlumatlandırılması məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı. Sağlamlıq festivalına şux və oynaq musiqi nömrələri ilə yekun vuruldu.

Kütləvi informasiya vasitələrinin işıqlandırdığı festival ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.