2 APREL 2015
İSİM-in təşkilatçılığı ilə “Dünya Autizm Maarifləndirmə ayı” çərçivəsində silsilə tədbirlərə başlanıldı
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planına əsasən “Dünya Autizm Maarifləndirmə ayı” çərçivəsində Bakıda silsilə tədbirlərə başlanıldı. 2015-ci il aprel ayı ərzində davam edəcək tədbirlərin təşkilatçıları “Lider Qadınlar” İctimai Birliyi, “Birgə və Sağlam” İctimai Birliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzidir (İSİM). Tədbirlərin və aksiyaların keçirilməsində məqsəd əhali arasında autizmlə əlaqədar maarifləndirmənin artırılması və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. “Fərqli və Bizdən Biri” şüarı ilə keçirilən tədbirlərə Access Bank, Türk Hava Yolları, Azərbaycan Diplomatik Akademiyası, “Çıraq” Psixoloji Araşdırmalar və Dəstək Mərkəzi, “Duyğu” Sosial Reabilitasiya İctimai Birliyi, Elnaramedia, LoqoPam, Grandezza Moda Evi, Gallery4Kids, Mado, Happyland, Dia Holding (Alov Qüllələri), "Qafqaz", "Hilton" və "Park Inn" otelləri, Qız Qalası, "Park Bulvar", "Metropark" və "28 Mall" AVM-ləri dəstək verir.
“Dünya Autizm Maarifləndirmə ayı”na 2015-ci il aprelin 1-də "Park Bulvar", "Metropark" və "28 Mall" AVM-lərdə məşhurların iştirak etdiyi maarifləndirmə aksiyaları ilə başlanıldı. Aksiyalarda İSİM tərəfindən hazırlanmış maarifləndirmə vərəqələri paylanıldı, fotosərgi və autizmli uşaqların iştirakı ilə film nümayiş etdirildi.
Növbəti günlərdə “ADA” Universitetində “Ümumdünya Autizm Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri, əməkdar artist Tünzalə Ağayevanın, Azərbaycan Diplomatik Akademiyası könüllülərinin və autizmli uşaqların iştirakı ilə fləşmob keçiriləcək. Eləcə də Bakının müasir tikililəri – Alov Qüllələri və "Hilton" oteli, memarlıq abidəsi – Qız Qalası mavi rənglə işıqlandırılacaq, ictimaiyyət autizm xəstəliyi barədə məlumatlandırılacaq. Belə ki, 2 Aprel tarixi BMT tərəfindən Ümumdünya Autizm Günü kimi qəbul edildikdən sonra dünyaca məşhur “Autism speaks” cəmiyyəti həmin günlə əlaqədar “Light it up Blue” (“Mavi İşıqla İşıqlandır”) layihəsini həyata keçirir. Həmin gün dünyanın müxtəlif ölkələrində binalar autizmi simvolizə edən mavi rəngdə işıqlanaraq 2 aprel tarixinin Ümumdünya Autizm Günü olduğunu insanlara çatdırır. 2010-cu ildə ABŞ-da həyata keçirilən və indiyədək 6 qitə, 136 ölkə və 600 şəhərdə icra edilən “Mavi İşıqla İşıqlandır” layihəsinə Azərbaycan da qoşulur.
Aylıq çərçivəsində əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə autizmlə bağlı yerli və Türkiyədən dəvət edilmiş mütəxəssislərin iştirakı ilə seminarlar təşkil olunacaq. Seminarlarda autizmin erkən əlamətləri, autizm spektri pozğunluqları: diaqnoz və müalicəsi, autizmdə xüsusi təhsilin tətbiqi, autizm və yanaşı pediatrik xəstəliklərlə bağlı məlumatlar veriləcək. Eyni zamanda dövlət qurumlarının autizm sindromlu uşaqlara və onların ailələrinə dəstəyinin vacibliyindən, görülən işlərdən bəhs ediləcək.
“Dünya Autizm Maarifləndirmə ayı” çərçivəsində autizmi olan 10 uşaq moda nümayişində iştirak edəcək. Televiziya kanallarında təbliğat xarakterli verilişlər hazırlanacaq, Bakıda avtobus dayanacaqlarındakı monitorlarda autizmlə bağlı animasiya filmi göstəriləcək.
Həmçinin Milli Məclisdə “Autizm və Milli Qanunvericilikdə tənzimləmə” mövzusunda Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızının sədrliyi ilə dəyirmi masa keçiriləcək. Dəyirmi masada autizmlə bağlı qanunvericilik müzakirə ediləcək. Görüşdə Türkiyədən dəvət edilmiş mütəxəssislər də iştirak edəcəklər.
Keçirilən tədbirlər və aksiyalar daha inklüziv cəmiyyətin yaradılmasına, autizmdən zərər çəkmiş insanların istedadlarını aşkarlamağa və onlara potensiallarından düzgün istifadə etməyə imkan yaradacaq.