16 MART 2015
İSİM tərəfindən hazırlanmış “Zorakılığa “Yox” de!” adlı videoçarx televiziya vasitəsilə yayımlanacaq (VIDEO)
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) məişət zorakılığının qarşısının alınması istiqamətində bir sıra beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı ilə mütəmadi görüşlər və təlimlər keçirir, eyni zamanda maarifləndirici bukletlər, plakatlar, kitabçalar və s. hazırlayır. Bu sahədə görülən tədbirlərin davamı kimi, İSİM tərəfindən “Zorakılığa “Yox” de!” adlı videoçarx çəkilib. Videoçarxın əsas məqsədi əhalinin diqqətini məişət zorakılığına qarşı mübarizəyə yönəltməkdir.
“Məişət zorakılığının qarşısının alınması üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na əsasən çəkilmiş sosial videoçarxın yaxın zamanlarda televiziya vasitəsilə gündəlik 5 dəfə olmaqla, həftənin 5 günü praym-taym vaxtında yayımlanması nəzərdə tutulur. Eləcə də maarifləndirmə tədbirlərində nümayiş etdiriləcək. Həmçinin videoçarx əhali arasında maarifləndirmə və təbliğat işinin aparılmasına töhfə verilməsi məqsədilə müvafiq müəssisələrə göndəriləcək.
“Zorakılığa “Yox” de!” videoçarxı İSİM-in youtube kanalında və rəsmi facebook səhifəsində də yerləşdiriləcək. Görülən tədbirlər cəmiyyəti bu sahədə fəallıq göstərməyə, zorakılıq hallarının baş verməməsi üçün birgə mübarizə aparmağa çağırır.