13 MART 2015
“Sağlam, narkotiksiz həyat seç!” mövzusunda rəsm və inşa müsabiqələrinin qalibləri mükafatlandırıldı (FOTO)
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə fevralın 10-dan martın 1-dək davam edən “Sağlam, narkotiksiz həyat seç!” mövzusunda rəsm və inşa müsabiqələri elan edib. Müsabiqələr “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planına əsasən həyata keçirilib. Müsabiqələrdə Nəsimi rayonunun tam orta məktəblərinin 8-10-cu sinif şagirdləri xüsusi fəallıqla iştirak ediblər. Ümumiyyətlə, müsabiqələrə 28 rəsm və 32 inşa təqdim olunub.
2015-ci il martın 13-də rəsm və inşa müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. 46 saylı məktəbin binasında təşkil olunan mərasimdə tərəfdaş qurumların məsul şəxsləri və Nəsimi rayonunun tam orta məktəblərinin müəllim-şagird heyəti iştirak etdi.
Tədbiri giriş sözü ilə açan İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə müsabiqələrin xüsusən gənclər üçün böyük əhəmiyyət daşıdığını vurğuladı: “Maarifləndirmə xarakteri daşıyan bu müsabiqələri təşkil etməkdə məqsədimiz şagirdlərin biliklərini daha da artırmaq və narkomaniyaya qarşı birgə mübarizə aparmaqdır.” Müsabiqələrdə valideynlərin şagirdlərlə birgə çalışması və dəstək olmasını xüsusilə qiymətləndirən məruzəçi bu addımı hər bir ailənin uğur göstəricisi kimi qələmə verdi.
Nəsimi rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Xalid Kərimov müsabiqələrin yüksək səviyyədə təşkilinə görə İSİM-ə rəhbərlik adından minnətdarlığını çatdırdı: “Əsrin bəlası olan narkomaniyadan hamımız uzaq dayanmalı və mübarizə aparmalıyıq. İSİM-in digər maarifləndirmə tədbirləri kimi, bu təşəbbüsünü də alqışlayırıq.”
Narkomaniyanın insan həyatına vurduğu dağıdıcı zərərlər barədə İSİM-in həkim-metodisti Vəfa Ağayeva təqdimat etdi: “Narkomaniyanın həm fiziki, həm də psixoloji təsiri vardır. Narkomaniya sosial-iqtisadi inkişafı ləngidir, ailə və icmaları dağıdır, sosial partlayışlara sürükləyir.” Təqdimatdan sonra narkomaniya ilə mübarizə barədə nümayiş etdirilən videoçarx maraqla qarşılandı.
Qaliblərə sertifikat və mükafatları Azərbaycan Rəssamlar İttifaqının üzvü Nailə Salmanova, 46 saylı məktəbin direktor müavini İlyas Məmmədov, Nəsimi rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Xalid Kərimov, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev, İSİM-in şöbə müdirləri Səbinə Babazadə və Aynur Rəşidova təqdim etdilər.
İnşa müsabiqəsinin qalibi Bakı Türk Anadolu Liseyinin şagirdi Rəhimə Rəşidzadə elan olundu. Müvafiq olaraq, 2-ci və 3-cü yerlərə Bakı Türk Anadolu Liseyinin şagirdi Sevilay Yeşilyurt və 133 saylı məktəbin şagirdi Ramal Rzayev layiq görüldülər. İnşa müsabiqəsi üzrə 2 iştirakçı isə fəal iştiraka görə həvəsləndirici sertifikat və mükafatlarla təltif edildilər.
2-ci yerin qalibi Bakı Türk Anadolu Liseyinin şagirdi Sevilay Yeşilyurt inşada toxunduğu maraqlı məqamları qonaqlarla bölüşdü: “Asiyada meymun ovlamaq üçün istifadə edilən tələnin cəmiyyətimizi bürüyən narkomaniya bəlası ilə müəyyən bənzərliyi var: bir hind qozunu yarıb içərisinə dadlı çərəzlər qoyulduqdan sonra bu qozu ağaca bağlayırlar. Hind qozunun kəsiyi sadəcə meymunun əli açıq ikən sala biləcəyi böyüklükdədir. Ancaq meymun əlini yumruq vəziyyətində tutduğundan əlin oradan çıxarılması mümkünsüzdür. Əslində meymunu nəfsindən başqa, dustaq edən kimsə yoxdur. Edilməsi lazım olan tək hərəkət əlini açıb çərəzi buraxmaqdır. Bu hekayədə bəhs edilən əhvalat eynilə narkotik vasitələrin istifadəçilərinin davranışına bənzəyir. Bu asılılıqdan qurtulmaq lazımdır. Onları bu tələyə salan və orada qalmalarına səbəb onların arzularıdır. Bu arzuları dəyişdirmək üçün əllərindəki zəhəri buraxıb azadlığa qovuşmaq gərəkdir.”
Rəsm müsabiqəsinin qalibi Bakı Türk Anadolu Liseyinin şagirdi Şahnigar Doğan elan edildi. Müvafiq olaraq, 2-ci və 3-cü yerlərə 54 saylı orta məktəbin şagirdi Zöhrə Quliyeva və Bakı Türk Anadolu Liseyinin şagirdi Aydan Həsənova layiq görüldülər. Yaxşı ideyaya görə “Evrika” Liseyinin şagirdləri Həsən Feyzullayev və Ləman Əfəndiyeva, 7 nəfər isə fəal iştiraka görə həvəsləndirici sertifikat və mükafatlarla təltif edildilər.
Sonda mərasim iştirakçılarına narkomaniya ilə mübarizə barədə İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.