28 YANVAR 2015
Azərbaycanda qadınlara qarşı məişət zorakılığının xüsusiyyət və səbəblərinin araşdırılması üzrə sorğunun yekun hesabatının təqdimatı ilə bağlı dəyirmi masa keçirildi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən dünyada qadınların 35%-i zorakılığa məruz qalır və zorakılıq halları əsasən qadınlara qarşı onların yaxınları tərəfindən törədilir. İctimai səhiyyə baxımından gələcəkdə böyük təhlükələrin yaranmasına səbəb olan qadınlara qarşı zorakılıqla ölkəmizdə mütəmadi olaraq mübarizə aparılır. Məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunması dövlətin bu məsələyə verdiyi böyük önəmin nümunəsidir.
2014-cü ilin noyabrında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində Lənkəran, Şəmkir, Füzuli və Beyləqanda tibb müəssisələrinə müraciət edən qadınlar arasında sorğu həyata keçirilib. Sorğunun keçirilməsində məqsəd qadınlara qarşı məişət zorakılığının xüsusiyyətlərinin və səbəblərinin, ailədə qadınların səlahiyyətləndirilməsi və onların bu baxımdan səhiyyə xidmətlərindən istifadə imkanlarının qiymətləndirilməsi, qadınların məişət zorakılığı baş verdiyi hallarda hansı tədbirlərə əl atması və bu sahədə məlumatlılıq səviyyəsinin müəyyən edilməsinin araşdırılması idi. Sorğu tamamilə anonim, məxfi və könüllü şəkildə aparılıb.
“Məişət zorakılığının qarşısının alınması üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın icrası məqsədi ilə təşkil olunmuş sorğuda 18 yaşdan yuxarı evli və ya nə vaxtsa evli olmuş 400 qadın iştirak edib. Sorğunun məhz bu şəhər və rayonlarda keçirilməsi Demoqrafiya və Sağlamlıq Sorğusu 2011-də qadınların ailədə səlahiyyətləndirilməsi ilə bağlı göstəricilərin regionlar üzrə müqayisəsi əsasında qərarlaşdırılıb.
Sorğu vərəqəsinin əsasını Demoqrafiya və Sağlamlıq Sorğusunun sorğu vərəqəsi, digər ölkələrdə məişət zorakılığı üzrə araşdırmalarda istifadə olunan sorğu vərəqələri və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təklif olunan suallar təşkil edib. Sorğu zamanı qadınların sosial-demoqrafik xüsusiyyətləri, onların ailədə səlahiyyətləri və qərarvermə imkanları, eləcə də ailədə psixoloji, iqtisadi, fiziki və ya cinsi zorakılığa məruz qalıb-qalmaması, bu məsələlərlə bağlı məlumatlılıq səviyyəsi və hansı məlumata ehtiyacların olması ilə bağlı məlumatlar toplanılıb.
2015-ci il yanvarın 28-də İSİM-də Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və İSİM-in nümayəndələrinin iştirakı ilə Azərbaycanda qadınlara qarşı məişət zorakılığının xüsusiyyət və səbəblərinin araşdırılması üzrə sorğunun yekun hesabatının aidiyyəti qurumlara və ictimaiyyətə təqdim edilməsi ilə bağlı dəyirmi masa keçirildi.
Dəyirmi masa iştirakçılarını salamlayan İSİM-in direktoru Ceyhun Məmmədov sorğunun xüsusi əhəmiyyət daşıdığını vurğuladı: “2011-ci ildə keçirilmiş Demoqrafiya və Sağlamlıq Sorğusu zamanı qadınların səlahiyyətləndirilməsi ilə bağlı bölmə üzrə nəticələr göstərmişdir ki, bölgələrdə qadınların sağlamlığına mənfi təsir göstərən və ciddi fəsadlara səbəb olan bir sıra problemlər mövcuddur. Hazırkı sorğunun nəticələri də məhz bu problemlərin aradan qaldırılması istiqamətində gələcəkdə müvafiq tədbirlərin görülməsinə yardım edəcək.”
İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri, layihənin koordinatoru Töhfə Cəmilova Azərbaycanda qadınlara qarşı məişət zorakılığının xüsusiyyət və səbəblərinin araşdırılması üzrə sorğunun təşkili və metodologiyası barədə ətraflı məlumat verdi: “Suallar məişətdə və yaxud ailədə qadınlara qarşı baş verə bilən, törədilən fiziki, psixi, cinsi zorakılıq faktlarını müəyyən etmək məqsədilə formalaşdırılmış, ailədə qərar qəbul etmə prosesi, həyat yoldaşı, intim partnyor və qohumlar tərəfindən zorakılıq faktları, qadınların zorakılıq mövzusuna dair məlumatlı olması məsələlərinin araşdırılmasına yönəldilmişdir.”
Sorğunun nəticələri ilə bağlı yekun hesabatı İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynurə Rəşidova təqdim etdi: “Sorğunun hesabatında göstərilir ki, ailədə qadının qərarvermədə iştirakı birbaşa olaraq onun təhsil səviyyəsindən asılı olur. Belə ki, orta ixtisas təhsili olan qadınların qərarvermədə iştirakı üstünlük təşkil edir (81,0%). Tibbi xidmətlərlə bağlı qərarvermədə əsasən orta ixtisas (90,5%) və ali təhsili (83,3%) olan qadınların iştirakı digər kateqoriyalarla müqayisədə daha yüksəkdir. Həyat yoldaşı tərəfindən zorakılıq və ya günahlandırılma faktları digər kateqoriyalarla müqayisədə ali təhsilli qadınlara qarşı daha azdır (42,9%).”
Aynurə Rəşidova həmçinin məlumatların təhlili nəticələrindən də söhbət açdı: “İbtidai təhsili olan və heç təhsili olmayan qadınlar təhqir edilməyə daha çox məruz qalırlar. Ailədə mübahisələrə səbəb olan şəxslər qadınların həyat yoldaşları, əsas səbəbi maddi problemlərin mövcudluğudur. Qadınların daha çox fiziki zorakılığa məruz qalmaları məlum olmuşdur. Qadınların çox az faizi fiziki və ya cinsi zorakılığa məruz qaldıqda kömək məqsədilə kimə isə müraciət etmişdir. Respondentlərin əksəriyyəti onlara fiziki təsir göstərən və cinsi əlaqəyə məcbur edən insanla birgə yaşamaqda davam edir. Qadınların məlumatlılığının aşağı səviyyədə olması, erkən yaşda nikah qurduqlarını nəzərə alaraq bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac duyulur.”
Hesabat ətrafında müzakirələr zamanı iştirakçılar əhali arasında maarifləndirmənin aparılmasının vacibliyini qeyd etdilər. Bu istiqamətdə İSİM tərəfindən geniş fəaliyyətin aparıldığı nəzərə çatdırıldı: “İSİM tərəfindən məişət zorakılığı mövzusunda maarifləndirmə materialları, eləcə də metodik vəsaitlər hazırlanır. Həmçinin mövzu ilə əlaqədar tədbirlər həyata keçirilir, kütləvi informasiya vasitələrində çıxışlar olur, İSİM-in mütəxəssisləri tərəfindən ali və orta məktəblərdə ictimai səhiyyənin müxtəlif mövzuları, o cümlədən məişət zorakılığının mənfi tibbi-psixoloji nəticələrinin izah edilməsi və qarşısının alınması məqsədilə təqdimatlar edilir.”
Müzakirələrin sonunda maarifləndirmə tədbirlərinin gələcəkdə də davam etdiriləcəyini, bununla da sorğu nəticələrindən gələn ehtiyacların təmin ediləcəyi vurğulandı.