27 YANVAR 2015
İSİM-in nümayəndəsi İsveçrənin Sürix şəhərində keçirilən Sağlamlıq üçün fiziki aktivlik sahəsində Avropa strategiyası üzrə texniki konsultativ müşavirədə Azərbaycanı təmsil etdi
Ürək-damar xəstəlikləri, arterial hipertenziya, diabet və xərçəngin bəzi formalarının yaranması riskinin azaldılması, eləcə də psixi sağlamlığa təsir edən fiziki aktivlik hələ uşaq və yeniyetmə yaşlarından əsas vərdişlərin inkişafına və ahıl yaşında olan insanlara isə hərəkətlilik və sərbəstliliyi qoruyub saxlamağa yardım edir. Bütün dünyada xüsusilə uşaq və yeniyetmələrdə fiziki aktivliyin səviyyəsinin azalması tendensiyası müşahidə edilir, elmi məlumatlarda da fiziki aktivliyin səviyyəsində müxtəlif sosial qruplar arasında, o cümlədən Avropa regionu ölkələrində bərabərsizlik görünür. Fiziki aktivliyin çatışmazlığı sağlamlıq üçün təhlükələrə, hətta ölümə gətirib çıxarır.
Ölkə nümayəndələri tərəfindən qlobal səviyyədə fiziki aktivliyin vacibliyinin qeyd edilməsi özünü 2013-2020-ci illərdə Qeyri-infeksion xəstəliklərin profilaktikası və nəzarəti üzrə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qlobal fəaliyyət planının qəbul edilməsində ifadə edir. Burada 2025-ci ilə kimi fiziki aktivliyin çatışmazlığının yayılmasının 10%-ə qədər azaldılması nəzərdə tutulub.
2013-cü ildə Avropa regionuna daxil olan ölkələrin nazirlərinin iştirakı ilə Sağlamlıq – 2020 siyasəti kontekstində qidalanma və qeyri-infeksion xəstəliklər haqqında innovativ Vyana deklarasiyası qəbul edilib. Burada ilk dəfə fiziki aktivlik sahəsində Avropa regionu üçün xüsusi strategiyanın hazırlanmasının zərurəti barədə bəyanat səsləndirilib.
2015-ci il yanvarın 27-28-də İsveçrənin Sürix şəhərində ÜST-nin Avropa Regional Bürosunun təşkilatçılığı ilə Sağlamlıq üçün fiziki aktivlik sahəsində Avropa strategiyası üzrə texniki konsultativ müşavirə keçirildi. Müşavirənin keçirilməsində məqsəd fiziki aktivlik sahəsində Avropa strategiyasının ilkin layihəsinin müzakirəsinin aparılması və həmin sənəd üzrə ölkə nümayəndələrinin texniki səviyyədə rəy və təkliflərinin dinlənilməsi idi. Müşavirədə Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təmsil etdi.
Müşavirədə strategiyanın XXI əsrdə səhiyyə sahəsində Avropa siyasəti və strategiyasının əsaslarını təşkil edən Sağlamlıq – 2020 siyasəti prinsipləri əsasında qurulacağı və ÜST-nin hazırda fəaliyyət göstərən çərçivə proqramı və strategiyası, 2013-2020-ci illərdə Qeyri-infeksion xəstəliklərin profilaktikası və nəzarəti üzrə Qlobal fəaliyyət planı, Qeyri-infeksion xəstəliklərin profilaktikası və nəzarəti üzrə Avropa strategiyası, Qidalanma, fiziki aktivlik və sağlamlıq üzrə Qlobal strategiya və Sağlamlıq üçün fiziki aktivlik üzrə Qlobal tövsiyələr ilə uyğunlaşdırılacağı nəzərə çatdırıldı.
Müşavirədə əsas təqdimatlar fiziki aktivlik və əhali sağlamlığı ilə bağlı yekun göstəricilər sahəsində yeni elmi məlumatları əhatə edirdi. Belə ki, Katibliyin fiziki aktivlik sahəsində gələcək fəaliyyətin istiqamətlərini müəyyən etmək üçün İnternet-texnologiyası bazasında hazırkı texniki konsultasiyanın nəticələrindən istifadə etməklə ölkə nümayəndələri tərəfindən fiziki aktivlik sahəsində Strategiyanın ilkin layihəsinin (2016-2025-ci illər) və konsultasiya prosesinin xülasəsinin təqdimatı maraqla qarşılandı. Yeni strategiyanın tərtibində ölkələrin təcrübələrindən bəhrələnmək, yeni və çatışmayan elmi məlumatların daxil edilməsi, strategiyanın layihəsinin hazırlanmasına kömək məqsədilə ekspertlərin rəy və təklifləri dinlənildi.
İSİM-in nümayəndəsi Tofiq Musayev də öz növbəsində çıxış edərək Azərbaycanda fiziki aktivlik sahəsində görülən tədbirlər, həyata keçirilən proqramlardan bəhs etdi. Fəaliyyətin ictimai səhiyyə baxımından zəruriliyini qeyd edən məruzəçi layihələrin bu gün də davam etdirildiyini vurğuladı.
Müşavirə çərçivəsində strategiyanın perspektivləri, rəhbər prinsipləri, prioritet istiqamətləri barədə geniş məlumat verildi: “Hazırkı strategiya ölkə nümayəndələrinə dəqiq tövsiyələr verir, o cümlədən konkret metodikanın hazırlanmasında texniki rəhbər vəsait rolunu oynayır. Bütün fəaliyyət Sağlamlıq – 2020 səhiyyə sahəsində Avropa siyasətinin təməl dəyərlərinə və prinsiplərinə əsaslanmalıdır. Qərarlar bütün uşaq və yeniyetmələr, yaşlı və ahıl yaşlı şəxslərin əhatə edilməsi və həyatın bütün mərhələlərində sağlamlığın möhkəmləndirilməsi prinsipi əsasında verilməlidir. Strategiya fiziki fəallığın səviyyəsinin artırılmasına yardım məqsədilə indiyədək olan ən etibarlı və yüksək keyfiyyətli elmi məlumatlar əsasında qurulmalıdır.”
Strategiyanın hazırlanması üçün “yol xəritəsi”nin, fəaliyyətin və vəzifələrin müzakirəsindən sonra ölkə nümayəndələrinin təklifləri səslənildi: “Strategiyanın layihəsinə uyğun olaraq, fiziki inkişaf sahəsində növbəti prinsiplərə nail olmaq məqsədilə ayrı-ayrı vətəndaşların və ictimaiyyətin fəal cəlb olunması yolu ilə tədbirlər nəzərə alınmalı, maneələrin aradan qaldırılması məqsədi ilə siyasi istiqamətlər işlənilməli və aktiv həyat tərzi üçün yeni imkanlar yaradılmalıdır.”
Müşavirədə həmçinin yeni strategiyanın hazırlanması üçün ölkə nümayəndələrinə fiziki aktivlik sahəsində prioritet və siyasi alətlərin müəyyənləşdirilməsində birgə əməkdaşlıq təklif olundu.
Müşavirənin yekunları Katibliyin işində, qarşıdakı texniki və siyasi məsləhətləşmələrin və Regional komitənin Daimi komitəsinin iclasının gedişində müzakirə üçün, strategiyanın sonrakı layihələrinin hazırlanmasında istifadə olunacaq. Müşavirə həmçinin 2015-ci ilin sentyabrında Vilnüsdə təşkil olunacaq ÜST-nin Avropa Regional Komitəsinin növbəti sessiyasına hazırlıq prosesində strategiyanın işlənib hazırlanmasına töhfə verəcək.