16 YANVAR 2015
Bakıda “Uşaqların icbari dispanserizasiyası və uşaq xəstəliklərinin erkən aşkarlanması və profilaktikası” mövzusunda təlim kursu keçirildi
2013-2017-ci illəri əhatə edən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” uşaqlar arasında xəstələnmənin, habelə sağlamlıq imkanlarının məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına yönəldilib. Dövlət Proqramı uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsini, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıq və reaktivlərlə təchiz edilməsini, kadrların təkmilləşdirilməsini və əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasını nəzərdə tutur.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmri ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planın 4.1-ci bəndinə əsasən uşaqların dispanserizasiyasını həyata keçirən ilkin səhiyyə işçiləri üçün xəstəliklərin erkən aşkarlanması və müalicəsi üzrə keyfiyyət standartları və klinik protokollar əsasında ilk təlim Sumqayıt şəhərində keçirilib.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən icra edilən pilot layihə çərçivəsində növbəti təlim kursu 2015-ci il yanvarın 14-16-da İSİM-də Bakının Nizami, Yasamal, Nəsimi, Binəqədi, Qaradağ və Səbail rayonunda fəaliyyət göstərən Birləşmiş Uşaq Xəstəxanası və 11 uşaq poliklinikasının 26 pediatrı üçün keçirildi.
İSİM, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun nümayəndələrindən ibarət təlimçilər qrupu tərəfindən aparılan təlimdə uşaqların icbari dispanserizasiyasının təşkili məsələlərini, habelə dispanserizasiya çərçivəsində tənəffüs yolları və ağciyər xəstəlikləri, kəskin respirator xəstəliklər, psixi pozuntular və onkoloji xəstəliklər, böyrək, vərəm kimi ən çox yayılmış uşaq xəstəliklərinin, piylənmə və artıq çəki, ürək qüsurlarının profilaktikası və erkən aşkarlanması və diaqnostikasını əhatə edən təqdimatlar nümayiş etdirildi.
Layihə çərçivəsində növbəti təlimlər Gəncə və Mingəçevir şəhərlərində keçiriləcək.