19 YANVAR 2015
20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirildi
2015-ci il yanvarın 19-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirildi. İSİM-in kollektivi ilk növbədə 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
İSİM-in direktoru Ceyhun Məmmədov 20 Yanvar faciəsində xalqımızın azadlığı uğrunda mübarizə aparan vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını diqqətə çatdırdı: “Bu tarix həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, bərabərliyi, fəxr və şərəf günüdür.”
İSİM-in Mülki Müdafiə Qərargahının rəisi Şahin Həmidov xalqımızın müstəqilliyinin, suverenliyinin, pozulmuş hüquqlarının bərpa olunması naminə savaşmaq əzmində olduğunu nümayiş etdirən 20 Yanvar hadisələrinin xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığından söhbət açdı: “Sovet qoşunlarının təcavüzü nəticəsində milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 silahsız mülki şəxs amansızcasına öldürülüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra isə daha 21 nəfər öldürülüb.”
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildiyini nəzərə çatdıran Ş.Həmidov çıxışını belə tamamladı: “Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, ümummilli lider Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik.”
20 Yanvar hadisələrini ağır hüznlə xatırlayan YAP-ın İSİM bölməsinin sədri Yeganə Vəliyeva unudulması mümkün olmayan bu qətliamın, tökülən qanların, insanlığa qarşı yönəlmiş qatı cinayətin hər dəfə ağrı, qəzəb və nifrətlə yad edildiyini, dünyanın aparıcı KİV-də, müxtəlif saytlarda, xəbər portallarında bu faciə ilə bağlı yazıların dərc edildiyini diqqətə çatdırdı.
İSİM-in İdarə Heyətinin əməkdaşları Aris Rüstəmov və Əliheydər Şahmarov da çıxış edərək “20 Yanvar – Ümumxalq Hüzn Günü”nün Azərbaycanın müstəqil dövlət kimi qurulmasında əhəmiyyət daşıdığından bəhs etdilər.
Sonda İSİM-in direktoru Ceyhun Məmmədov bir daha 20 Yanvar faciəsi zamanı xalqımızın müstəqilliyi uğrunda həlak olan həmvətənlərimizin milli azadlıq mübarizəsini yüksək dəyərləndirərək onların ruhunu ehtiramla yad etdi.