26 DEKABR 2014
İSİM-də “Əhalinin səhiyyə sisteminə etimadının və göstərilən tibbi xidmətlərlə məmnunluq səviyyəsinin öyrənilməsi üzrə sorğunun nəticələrinin açıqlanması” mövzusunda dəyirmi masa keçirildi
2014-cü ilin sentyabr-dekabr aylarında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı, Gəncə, Mingəçevir, Lənkəran şəhərləri, eləcə də Masallı, Quba, Xaçmaz, Şamaxı, İsmayıllı rayonlarının ilkin səhiyyə xidmətlərini göstərən tibb müəssisələrində tibbi xidmətlərdən istifadə etmiş əhali arasında sorğu keçirilib. Sorğunun keçirilməsində məqsəd əhalinin səhiyyə sisteminə etimadının və ilkin səhiyyə səviyyəsində göstərilən tibbi xidmətlərlə məmnunluq səviyyəsinin öyrənilməsi idi. Respublikanın iri şəhərlərini və rayon mərkəzlərini əhatə etməklə, müxtəlif bölgələrdə olan vəziyyətlə bağlı məlumatları əldə etmək imkanı yaratmış sorğuda ümumilikdə 500 respondent iştirak edib. Sorğu tamamilə könüllü və anonim şəkildə aparılıb.
Sorğu üçün İSİM-in mütəxəssisləri tərəfindən hazırlanmış xüsusi sorğu vərəqəsində tibbi yardımın əlçatanlığı, keyfiyyəti ilə məmnunluq səviyyəsi, eləcə də əhalinin tibbi yardım məsələlərinə dair məlumatlı olması ilə bağlı suallar əks edilib. Sorğunun sahə işlərinin aparılması məqsədilə intervüyer və supervayzerlər üçün xüsusi təlim keçirilib. Sorğunun səyyar işləri bitdikdən sonra toplanılmış məlumatlar üzrə təhlil aparılıb.
2014-cü il dekabrın 26-da İSİM-də Səhiyyə Nazirliyi, Bakı Şəhər Baş Səhiyyə İdarəsi, İSİM və şəhər poliklinikalarının nümayəndələrinin iştirakı ilə “Əhalinin səhiyyə sisteminə etimadının və göstərilən tibbi xidmətlərlə məmnunluq səviyyəsinin öyrənilməsi üzrə sorğunun nəticələrinin açıqlanması” mövzusunda dəyirmi masa keçirildi.
Tədbir iştirakçılarını salamlayan İSİM-in direktoru Ceyhun Məmmədov sorğunun böyük əhəmiyyət daşıdığını vurğuladı: “Sorğunun nəticələri əhalinin ilkin səhiyyə xidmətləri ilə kifayət qədər məmnun olduğunu, səhiyyə sisteminə etimadın kifayət qədər yüksək səviyyədə olduğunu, ilkin səhiyyə xidmətlərinin əhali üçün əlçatan və keyfiyyətli şəkildə təşkil olunduğunu göstərib.”
İSİM-in İlkin səhiyyənin təşkili şöbəsinin müdiri, layihənin koordinatoru Lütfi Qafarov əhalinin səhiyyə sisteminə etimadının və göstərilən tibbi xidmətlərlə məmnunluq səviyyəsinin öyrənilməsi üzrə sorğu barədə ümumi məlumat, sorğunun məqsəd və təşkili məsələləri barədə məlumat verdi.
Sorğunun hesabatını hazırlayan İSİM-in səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Töhfə Cəmilova sorğunun nəticələri ilə bağlı təqdimat etdi: “Sorğunun hesabatında göstərilir ki, respondentlərin əksəriyyətini (97.6%) həkimlərin qəbul qrafiki qane edir. Həkimin pasiyentə qarşı münasibəti və davranışı ümumilikdə respondentlərin 95%-ni qane edir. Orta tibb personalının münasibəti ilə respondentlərin 90.4%-i razı qalıb və yalnız 1%-ni bu münasibət qane etməyib. Pasiyentlərin 90.9%-i bildirib ki, həkim onlara sağlamlıqlarının möhkəmləndirilməsinə dair profilaktik tövsiyələr verib.”
T.Cəmilova həmçinin məlumatların təhlili nəticələrindən də söhbət açdı: “Təhsil səviyyəsi artdıqca tibbi xidmətlərlə tamamilə razı qalanların faizi də artır. Tibbi xidmətlərlə bağlı məlumat mənbələrinə gəldikdə, respondentlər daha çox tibb işçilərindən, televiziya vasitəsilə və ya dost-tanışdan alınan məlumatlara etibar edir. Regionlar üzrə mövcud səhiyyə sistemi ilə pasiyentlərin ən yüksək məmnunluq səviyyəsi Gəncə və Lənkəranda müşahidə olunub. Regionlar arasında Mingəçevir və Gəncə şəhərlərindən olan pasiyentlər mövcud səhiyyə sisteminə göstərdikləri etimadla seçiliblər.”
Hesabat ətrafında müzakirələr zamanı tədbir iştirakçıları əhali ilə əks əlaqənin qurulması və gücləndirilməsi, əhalinin səhiyyə xidmətləri barədə məlumatlandırılması və bu xidmətlərlə bağlı əhalinin rəyinin mütəmadi şəkildə öyrənilməsi və təhlili, habelə öz sağlamlıqlarına insanların məsuliyyətli yanaşmasının təbliği sahəsində işlərin davam edilməsinin vacibliyini qeyd etdilər.