18 DEKABR 2014
İSİM-in təşkilatçılığı ilə Binəqədi rayonu üzrə bütün məktəbləri əhatə etmiş “Gigiyenik qaydalara düzgün əməl edək” layihəsinin bağlanış tədbiri keçirildi
2014-cü il dekabrın 17-də Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında YAP Binəqədi Rayon Təşkilatının təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı və NİCOS Şirkətinin maliyyə dəstəyi ilə rayonun bütün orta ümumtəhsil məktəblərini əhatə etmiş “Gigiyenik qaydalara düzgün əməl edək” layihəsinin bağlanış və layihə çərçivəsində elan olunmuş müsabiqələrin qaliblərinin mükafatlandırılması tədbiri keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli, İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, “NURGÜN Group” Şirkətinin Müştəri Xidmətləri və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Reala İsazadə və digər qonaqlar iştirak etdilər.
Qonaqlar ilk növbədə layihə çərçivəsində müxtəlif istiqamətlər üzrə məktəblilər arasında elan olunmuş müsabiqənin iştirakçılarının işlərindən ibarət sərgi ilə tanış oldular. Layihənin təlimçisi, HB Klinikasının həkimi, YAP Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının sədr müavini Nahidə Mahmudova layihənin məqsəd və vəzifələri, layihənin icrası və keçirilmiş təlimlərlə bağlı ətraflı məlumat verdi. YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov Binəqədi rayonu üzrə bütün məktəbləri əhatə etmiş layihənin əsas məqsədinin sağlam gələcək, sağlam gənclik olduğunu qeyd edərək ölkədə təhsil və səhiyyə ilə bağlı böyük işlərin görüldüyünü, cənab Prezident İlham Əliyevin bu sahələrin inkişafı ilə bağlı mühüm qərarlar qəbul etdiyini vurğuladı. Rayon Partiya Təşkilatının sədri Binəqədidə həyata keçirilən tədbirlərin Binəqədi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən daim dəstəkləndiyini və bunun nəticəsində layihələrin yüksək səviyyədə keçdiyini bildirdi: ““Gigiyenik qaydalara düzgün əməl edək” layihəsi gənclərə sağlam həyat tərzinin aşılanması istiqamətində böyük addımdır.”
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə Binəqədi rayonunun daim maarifləndirici, sosial və tibbi baxımdan mühüm layihələr keçirdiyini və burada həyata keçirilən işlərin digər rayonlara nümunə olduğunu nəzərə çatdırdı.
AR Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov “Təmiz Binəqədi” layihəsinin vacib əhəmiyyətindən, belə bir layihənin ilk dəfə Bakıda Binəqədi rayonunda keçirilməsindən, Təhsil Nazirliyinin sağlam həyat tərzinin gənclərə aşılanması istiqamətində həyata keçirdiyi layihələrdən söhbət açdı: “Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi Rayon Təşkilatının maarifləndirici layihələri cəmiyyət tərəfindən yüksək qarşılanır.”
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov layihənin sağlam həyat tərzi, gigiyenik qaydalara əməl etmə baxımından böyük missiya daşıdığını, sağlamlığın təhsilin səviyyəsinə təsir etdiyini, gigiyena ilə bağlı məsələlərin mühüm mahiyyət daşıdığını, bunun hər bir məktəbliyə izah edilməsinin vacib olduğunu vurğuladı. Hüseyn Əsgərov “Təmiz Binəqədi” layihəsi çərçivəsində mühüm işlərin görüldüyündən, vacib addımların atıldığından bəhs etdi.
Tədbirdə çıxış edən “NURGÜN Group” Şirkətinin Müştəri Xidmətləri və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Reala İsazadə “Gigiyenik qaydalara düzgün əməl edək” layihəsində iştirakdan məmnun olduğunu deyərək layihə çərçivəsində müxtəlif nominasiyalar üzrə qalib gələn məktəbliləri təbrik etdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva iştirakçılara Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun salamlarını çatdırdı. “Gigiyenik qaydalara düzgün əməl edək” layihəsinin Bakı 2015 İlk Avropa Oyunlarına töhfə olan “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirildiyini qeyd edən natiq layihənin gənclərdə təmizliyi həyat tərzinə çevirməyi hədəflədiyini bildirdi. Aygün Əliyeva layihə çərçivəsində gənclərin sağlamlığının qorunması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı çoxsaylı tədbirlərin, aksiyaların, müxtəlif idman yarışları və vətənpərvərlik tədbirlərinin keçirildiyini diqqətə çatdırdı. “Təmiz Binəqədi” layihəsinin gələcəkdə də davam etdiriləcəyini, layihənin birinci hissəsinin Bakı 2015 İlk Avropa Oyunlarına qədər keçiriləcəyini, layihənin həm dövlət, həm də özəl təşkilatların birlikdə fəaliyyətinin nəticəsi və bunun cəmiyyətdə birlik, həmrəylik və dostluğun nümayişi və təntənəsi olduğunu vurğuladı. Sağlam həyat tərzi, gənclərin sağlam təməllər üzərində böyüməsi, müxtəlif xəstəliklərdən uzaq olması və gənclərin gələcəyinin etibarlı şəkildə təşkili məsələlərinə toxunan Aygün Əliyeva bu məqsədlərə çatmaq üçün din, irq, cins fərqinə varmadan hər kəsin mübarizə aparmasının vacibliyindən danışaraq layihədə müxtəlif nominasiyalar ürzə qalib olmuş məktəbliləri Rayon İcra Hakimiyyətinin başçısı adından təbrik etdi.
Sonda layihə çərçivəsində elan olunmuş Binəqədi rayonu üzrə orta məktəblər arasında “Ən yaxşı divar qəzeti”, layihə iştirakçıları olan məktəblilər arasında isə “Ən yaxşı deviz”, “Ən yaxşı rəsm əsəri” və “Ən yaxşı tibbi maarifləndirmə məqaləsi” nominasiyaları üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirildi. “Ən yaxşı divar qəzeti” nominasiyası üzrə I yerin qalibi olan məktəbə Heydər Əliyev Mərkəzinə ekskursiya, II yerin qalibi olan məktəbə Müasir İncəsənət Muzeyinə 50 nəfərlik ekskursiya, III yerin qalibi olan məktəbə isə Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinə 50 nəfərlik ekskursiya hədiyyə olundu.
Müsabiqə çərçivəsində “Ən yaxşı deviz”, “Ən yaxşı rəsm əsəri” və “Ən yaxşı tibbi maarifləndirmə məqaləsi” nominasiyaları üzrə I yerin qaliblərinə Kaspi Təhsil Mərkəzində tam kurs üç ay olmaqla, xarici dil kursu, II yerin qaliblərinə Kaspi Təhsil Mərkəzində tam kurs üç ay olmaqla, kompüter kursu, III yerin qaliblərinə isə “Əli və Nino” Kitab Evindən 50 manatlıq kitab kuponu hədiyyə olundu.
Bundan əlavə, nominasiyalar üzrə fərqləndirici yerin sahiblərinə “Əli və Nino” Kitab Evindən kitab dəsti hədiyyə olundu. Eyni zamanda bütün qaliblər diplom və NİCOS Şirkətindən xüsusi hədiyyələr ilə mükafatlandırıldılar.