“14 İyun – Ümumdünya Qan Donoru Günü” münasibətilə Azərbaycan Gənc Qan Donorlarının I Forumu keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

14 İYUN 2014

“14 İyun – Ümumdünya Qan Donoru Günü” münasibətilə Azərbaycan Gənc Qan Donorlarının I Forumu keçirildi

Dünya üzrə 14 iyun tarixi Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur. Bu günün qeyd olunması haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2005-ci ilin may ayında keçirilən Assambleyasının 58-ci sessiyasında dünya ölkələrinin səhiyyə nazirlərinin birgə könüllü təmənnasız qan donorluğunun inkişafına və dəstək olunmasına dair Qətnamə qəbul edilib. Bu Qətnamədə hər il 14 iyun tarixində (Qan qruplarını kəşf edən avstriyalı alim Karl Lanşteynerin 14 iyun 1868-ci ildə anadan olan gününə təsadüf edilib) Ümumdünya Qan Donoru Gününün qeyd olunması qərara alınıb. 2005-ci ildən başlayaraq, hər il bu günün qeyd olunmasında əsas məqsəd qan verən insanlara edəcəyi xeyirxahlığa görə minnətdarlığın bildirilməsi, könüllü qan donorlarına hörmət və ehtiramın nümayiş etdirilməsi, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyətin vurğulanması, donorluğa yeni insanların cəlb edilməsidir.

Bu il Ümumdünya Qan Donoru Günü hamiləlik və doğuş zamanı qadınların xilasına həsr olunub. Dünyada hər gün 800-ə yaxın qadın hamiləlik və doğuş zamanı yaranan fəsadlardan vəfat edir. Bunun əsas səbəbi isə qadınların həddindən çox qan itirməsidir. Ümumdünya Qan Donoru Günü kampaniyasının 2014-cü ildəki mövzusu belədir: “Anaların xilası üçün təhlükəsiz qan!”

ÜST bildirir ki, ən təhlükəsiz qanın mənbəyi daimi, könüllü və təmənnasız donorluqdur. Bu gün bir çox inkişaf etmiş ölkələrdə belə ehtiyat qanın toplanması tələbata cavab vermir. Ən az qanvermə Afrika ölkələrinin payına düşür. Bu ölkələrdə ana və uşaq ölümü ən yüksək səviyyədədir. Belə ki, 100 min doğuşdan 510 ölüm hadisəsi olur. Hər il dünyada 108 milyon doza qan toplanır. Bunun təqribən 50 faizi əhalinin yüksək səviyyədə yaşadığı ölkələrdən gəlir. Bu ölkələrdə orta qanvermə inkişaf etməkdə olan ölkələrlə müqayisədə 13 dəfə çoxdur.

Azərbaycanda könüllü təmənnasız qan donorluğunun inkişafına dəstək vermək məqsədilə 2014-cü il iyunun 14-də Azərbaycan Gənc Qan Donorlarının I Forumu keçirildi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun (ETHTİ) Mərkəzi Qan Bankı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Az.QAC), Qan Donorları Assosiasiyası İctimai Birliyi (QDA İB), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Gənclər üçün Təhsil Mərkəzinin (GTM) təşkilatçılığı, Hilton Oteli və “Synergy Group” ASC-nin dəstəyilə keçirilən Forumda Azərbaycanda qan donorluğunun inkişafında fəaliyyət göstərən dövlət və QHT nümayəndələri, o cümlədən GTM-in mütəmadi qan donorları iştirak etdilər.

İlk olaraq, Forum iştirakçıları Azərbaycan Respublikasının Dövlət himnini ifa etdilər. Rəsmi açılışdan sonra 35 il ərzində mütəmadi və könüllü qan donoru kimi yüzlərlə xəstənin həyatını xilas etmiş və Humanizmin Yüksək mükafatı olan “Piroqov” medalına layiq görülmüş Tahirə Əkbərova haqqında videofilm nümayiş olundu. Daha sonra məruzələr dinlənildi.

Səhiyyə Nazirliyinin “2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramının həyata keçirilməsi” və “Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi” barədə əmrlərinin donor qanına tələbatın ödənilməsinə yönəldiyini vurğulayan İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə Mərkəzin qan donorluğunun inkişafı istiqamətində fəaliyyətindən bəhs etdi: “İSİM tərəfindən bir sıra beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı ilə mütəmadi görüşlər və təlimlər keçirilir, eyni zamanda maarifləndirici bukletlər, plakatlar, kitabçalar, vərəqələr hazırlanıb çap edilir, aidiyyəti müəssisələrə paylanılır. Həmçinin videoçarxlar çəkilərək televiziya kanallarında yayımlanır.”

Az.QAC-ın vitse-prezidenti Qafar Əsgərzadə Ümumdünya Qan Donoru Gününün Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən hər il təntənəli şəkildə qeyd olunduğunu, Cəmiyyətin Respublikada könüllü təmənnasız qan donorlarının sayının artırılması sahəsində fəaliyyətini davam etdirdiyini nəzərə çatdırdı.

ETHTİ-nin Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva, QDA-nın sədri Fuad Əsgərov, ATGTİ-nin sədri Şahin İsmayılov, GTM-nin sədri Fəxrəddin Həsənov ölkəmizdə yayılmış hemofiliya və talassemiya xəstələrinin müalicəsində, eləcə də hamiləlik və doğuş zamanı ağırlaşması olan anaların xilas edilməsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olmasının vacibliyindən bəhs etdilər.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, AR Milli Məclisinin Sosial siyasət Komitəsinin üzvü Məlahət İbrahimqızı və Marneuli Gənclər Mərkəzinin nümayəndəsi Emin Əhmədov: “Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpələri, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir. Azərbaycanda hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması olduqca vacibdir və donor qanına tələbatı artırır” deyə mövzuya münasibətlərini bildirdilər.

Məruzələrdən sonra il ərzində qan donorluğuna dair fəaliyyətlərdə fəal iştirak edən təşkilat və qan donorları mükafatlandırıldılar.

Sonda Forum iştirakçıları Azərbaycanda könüllü təmənnasız qan donorluğunun inkişafı sahəsində gələcəkdə gənclər tərəfindən həyata keçiriləcək fəaliyyətləri müzakirə etdilər, tövsiyələr hazırlandı və yekun sənəd oxundu.

Tədbirin sonunda donorlara təşəkkür əlaməti olaraq forum iştirakçıları ilə birlikdə havaya qırmızı şarlar uçuruldu.