29 OKTYABR 2014
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Gürcüstanın Tbilisi şəhərində keçirilmiş “Yol hərəkəti təhlükəsizliyinin əsasları və vacib operativ tədbirlər” mövzusunda regionlararası seminarda iştirak etdi
Hər il dünyada yol-nəqliyyat hadisələri nəticəsində 1,3 milyon insan dünyasını dəyişir, 50 milyonadək insan isə xəsarət alır. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının 2010-2020-ci illərin strategiyasına və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2011-2015-ci illərin strateji planına uyğun olaraq, küçə və yollarda təhlükəsiz davranış vərdişləri təbliğ edilir, yeniyetmə və gənclərin sağlam və təhlükəsiz həyat sürməsi naminə maarifləndirmə işləri aparılır. Bu fəaliyyətin davam etdirilməsi məqsədi ilə Səhiyyə, Nəqliyyat və Təhsil Nazirliklərinin Azərbaycan Respublikası Dövlət Yol Polisi ilə əməkdaşlığı çərçivəsində uşaq, yeniyetmələr və gənclər arasında yollarda və küçələrdə təhlükəsiz davranış vərdişlərinin təbliğinə dair təhsil ocaqlarında məktəblilər arasında birgə yol təhlükəsizliyi mövzusunda tədbirlər görülür.
Problemin həlli istiqamətində görülən tədbirlərin davamı kimi, TRASECA (Avropa, Qafqaz və Mərkəzi Asiya Nəqliyyat Dəhlizi) Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə birlikdə “Yol hərəkəti təhlükəsizliyi” layihəsinin 2-ci mərhələsini elan edib. Avropa Birliyi tərəfindən maliyyələşdirilən layihənin məqsədi maraqlı tərəflər, vətəndaş cəmiyyəti və özəl sektorla güclü əməkdaşlıq sayəsində yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına və konstruktiv strategiyaların reallaşdırılmasına nail olmaqdır. Bununla bağlı bir sıra fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda bu sahədə yaxından iştirak edən, aidiyyəti nazirliklərin, dövlət strukturlarının, vətəndaş cəmiyyətlərinin Milli Cəmiyyətlərlə sıx əməkdaşlığı nəzərdə tutulur.
İlk olaraq, 2014-cü il oktyabrın 27-29-da Gürcüstanın Tbilisi şəhərində Qafqaz ölkələrinin Milli Cəmiyyətləri və hər ölkədən aidiyyəti nümayəndələrin iştirakı ilə “Yol hərəkəti təhlükəsizliyinin əsasları və vacib operativ ölçülər” mövzusunda regionlararası seminar keçirildi. Seminarın keçirilməsində məqsəd yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün mütəxəssislər və rəhbər şəxslərin iştirakı ilə elmi yanaşmanın tətbiq edilməsi idi. Azərbaycanın da təmsil edildiyi seminarda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev iştirak etdi.
Seminarda yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün effektli üsul və yanaşmalar, yol-nəqliyyat hadisələrinin miqyası və nəticələri, ölkələrin bu sahədə aktual problemləri, yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün risk faktorları və sübutlu əsasların təhlili, risk faktorlarının aşkarlanması və aradan qaldırılması, uşaqlar üçün yol hərəkəti təhlükəsizliyinin təminatı məsələləri müzakirə olundu. Əsas diqqətin iştirakçıların yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində bilik və təcrübələrinin bölüşdürülməsinə və risk faktorlarının qarşısının alınması üçün təhlilin aparılmasına, vacib operativ ölçülərin götürülməsinə yönəldildiyi seminarda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə BMT-nin onillik fəaliyyəti çərçivəsində TRASECA-nın “Yol hərəkəti təhlükəsizliyi – 2” layihəsinin təqdimatı oldu, bu layihənin vacibliyi və perspektivlərindən söhbət açıldı. Azərbaycan, Gürcüstan və Ermənistanın nümunəsində yol-nəqliyyat hadisələri nəticələri barədə statistik göstəricilər, yol-nəqliyyat hadisələrinə səbəb olan amillərə (sürət, spirtli içkilərdən istifadə, təhlükəsiz vasitələrdən kifayət qədər istifadə edilməməsi və s.), yol-nəqliyyat hadisələri səbəbindən baş verən əlillik üzrə göstəricilərə nəzər salındıqdan sonra yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə qəzaların qarşısının alınmasının mümkünlüyü barədə ölkə nümayəndələrinin çıxışları oldu.
Seminar çərçivəsində “Məktəbə və evə təhlükəsiz çatma” adlı maarifləndirmə proqramı təşkil olundu. Məktəblər müəyyən olundu, məlumatlar toplanıldı və maraqlı tərəflərin təhlili aparıldı, yollarda təhlükəsizliyin təmin edilməsi səviyyəsinə nəzarət edildi. Problemin həlli istiqamətində KİV-lə effektli əlaqənin qurulmasının və əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanan seminarın sonunda risk faktorları, əhalinin məlumatlılıq səviyyəsinin artırılması üzrə kampaniya ilə bağlı ölkələrin hazırladığı fəaliyyət planı təqdim olundu. İşçi qrupun sessiyasında ölkələr üçün risk faktorlarının aşkar edilməsi: yerlərdə faktorların müəyyən edilməsi üzrə pilot layihələr və bu layihələr çərçivəsində ölkələrarası əməkdaşlığın qurulmasına dair fikir mübadiləsi aparıldı. Eləcə də yollarda vəziyyətin müşahidə edilməsi, yollarda təhlükəsizliyin təmin olunması məqsədilə ölkələrdə polis islahatlarının əhəmiyyətindən, risk faktorlarına sistemli yanaşma: yol-nəqliyyat hadisələrində iştirak, bu hadisələrin izlənilməsi və təhlükəsiz sistemin təşkili məqsədilə əməkdaşlığın davam etdirilməsindən bəhs edildi.
Seminara ölkə nümunələri əsasında müzakirələrlə yekun vuruldu.