21 İYUN 2014
İSİM-in əməkdaşı “Narkomaniya – bu, həyat deyil, ölümdür!” şüarı altında Xəzər rayonunun Zirə qəsəbəsinin gəncləri və şagirdləri üçün maarifləndirmə tədbirində təqdimat etdi
2014-cü il iyunun 21-də Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində Xəzər rayonunun Zirə qəsəbəsi Mədəniyyət Mərkəzində “Narkomaniya – bu, həyat deyil, ölümdür!” şüarı altında maarifləndirmə tədbiri keçirildi.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının icrasını təmin etmək məqsədilə keçirilən tədbirdə Zirə qəsəbəsinin Nüsrət Yaqubov adına 120 və 241 nömrəli tam orta məktəblərinin gəncləri və şagirdləri, müəllim heyəti, tibb mütəxəssisləri iştirak etdilər.
İştirakçıları salamlayan Zirə qəsəbəsi Mədəniyyət Mərkəzinin direktoru Xumarə Əliyeva Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə 17-21 iyun – Narkomaniyaya qarşı mübarizə həftəsi çərçivəsində keçirilən tədbirin əhəmiyyətini vurğuladı. Mərkəzin bədii rəhbəri Ləman Əliyeva, Zirə qəsəbəsinin Diaqnostika Mərkəzinin baş həkimi Sevinc Babayeva, Zirə qəsəbəsi sahə müvəkkili Nicat Kərimov, Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbin dərs-hissə müdiri Aynurə Rzayeva çıxış edərək narkomaniyanın insan orqanizminə vurduğu zərərlərdən söhbət açaraq “Gəlin, gəncliyimizi qoruyaq!” deyə çağırış etdilər.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Pərvin Quliyeva “Narkomaniya – məhv edən silah!” mövzusunda təqdimat etdi. Məruzəçi narkomaniyanın insanı məhvə aparan zərərli vərdiş olduğunu nəzərə çatdıraraq gəncləri sağlam həyat tərzini seçməyə çağırdı. Tədbir iştirakçılarına İSİM tərəfindən hazırlanmış narkomaniya və QİÇS-lə mübarizə əleyhinə bukletlər paylanıldıqdan sonra suallar cavablandırıldı.