24 İYUN 2014
İSİM və Nəsimi Rayon İcra Hakimiyyəti birqə “26 iyun – Beynəlxalq narkotiklərdən sui-istifadə və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirildi
Bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir; o, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır, sosial partlayışlara sürükləyir. Narkotik maddələrin gənclər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələr “Narkotiksiz gələcək naminə” milli proqramlar qəbul edib. Bura təhsil ocaqlarında, hüquq-mühafizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirilmə kampaniyaları daxildir. Bu kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır. Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyunun 26-nı “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” elan edib.
Azərbaycanda da narkomaniya ilə mübarizə məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb, bu mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. 2014-cü il iyunun 24-də Nəsimi Rayon İcra Hakimiyyətində “26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş dəyirmi masa keçirildi. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan dəyirmi masada tibb mütəxəssisləri, ictimai xadimlər, ali və orta məktəbin müəllim-tələbə-şagird heyəti iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısının 1-ci müavini Ağa-Əli Əhmədov və Başçının müavini Gülarə Verdiyeva əhalinin sağlamlığının qorunması üçün ölkəmizdə aparılan islahatlardan, narkomaniya ilə mübarizə məqsədilə qəbul olunan Dövlət Proqramından bəhs etdilər.
Respublika Narkoloji Dispanserin şöbə müdiri, həkim-narkoloq Afət Məmmədova Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsinin tərtib etdiyi “Narkoloji xəstələrin kontingenti” haqqında 11 saylı Forma əsasında əldə olunan statistik göstəriciləri diqqətə çatdırdı: “Hazırda narkotik istifadəçilərinin ümumi sayı 27000-dən artıqdır. Bu narkotik istifadəçilərinin 585-i inyeksion narkotik istifadəçisi olan qadındır. Ümumi yaş qrupu 18-45 olan narkotikdən istifadə edənlərin 97%-ni kişilər, 3%-ni isə qadınlar təşkil edir.”
Problemin ictimai təhlükəliliyindən, narkomaniyanın insan orqanizminə vurduğu zərərlərdən və narkomaniya ilə mübarizədə görülən fəaliyyətdən bəhs edən İSİM-in nümayəndələri Səbinə Babazadə, Aysel Hacıyeva və Pərvin Quliyeva hər kəsi narkomaniya ilə mübarizədə birgə olmağa çağırdılar. Məruzəçilər həmçinin narkomaniyanın profilaktikası məqsədilə İSİM tərəfindən ali və orta məktəblərdə təqdimatların edildiyini, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirildiyini, bununla da sağlam həyat tərzinin təbliğ edildiyini vurğuladılar. Çıxış edən digər məruzəçilər son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini nəzərə çatdırdılar. Eləcə də bu problemlərin həlli üçün təkliflər dinlənildi.
Məruzələrdən sonra mövzu ətrafında fikir mübadiləsi aparan iştirakçılara sonda İSİM tərəfindən hazırlanmış və çap edilmiş “Övladlarınızı narkotiklərin oyuncağına çevrilməkdən qoruyun!” adlı buklet paylanıldı.