• İSİM-də “21 sentyabr - Beynəlxalq Sülh Günü”nə həsr edilmiş tədbir keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

12 FEVRAL 2014

İSİM-də növbəti təşkilatlararası iclas keçirildi

2014-cü il fevralın 12-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti təşkilatlararası iclas keçirildi. İclasda İSİM, BMT-nin Uşaq Fondu (UNİCEF), ÜST-nin Azərbaycan nümayəndəliyi, Dünya Bankı, Rostropoviç-Vişnevskaya Fondu, Save the Children, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Səhiyyə Nazirliyinin “Sağlam həyat tərzi” proqramı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA), Xəzər Qayğıkeşlik Layihəsi və “Sosial Xidmətlər Təşəbbüsü” təşkilatının nümayəndələri iştirak etdilər.

Səhiyyə Nazirliyinin “Sağlam həyat tərzi” proqramının milli koordinatoru Azad Hacıyev alkoqol içkilər və tütünçəkmə ilə bağlı proqram və strategiyaların hazırlanmasından söhbət açdı.

Xəzər Qayğıkeşlik Layihəsinin Sağlamlıq üzrə məsləhətçisi Stiv Stounhaus göz müayinəsi və müalicəsi istiqamətində layihələr çərçivəsində Masallı, Xızı və Ceyranbatanda skrininqlərin aparıldığını bildirdi.

Rostropoviç-Vişnevskaya Fondunun direktoru Soltan Məmmədov pnevmokokka qarşı peyvəndlə bağlı layihənin davam etdirildiyindən, Qlobal Fondun layihə təklif etmə hüququna malik ölkələri sırasında Azərbaycanın da vərəm və İİV-lə bağlı layihə təklifinin edəcəyindən bəhs etdi.

Save the Children-in Proqram rəhbəri Leyla Mustafayeva Azərbaycanda qaçqın və sığınacaq axtaranlara qayğı və dəstək layihəsinin davam etdirildiyi barədə məlumat verdi.

2011-2015-ci illər üçün miqrasiya sahəsində fəaliyyətin genişləndirilməsi və gücləndirilməsi məqsədilə Daxili İşlər Nazirliyi ilə birgə öhdəliklərə imza atdıqlarını deyən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Sağlamlıq və qayğı” şöbəsinin müdiri Mətanət Qaraxanova miqrantlara Azərbaycan dilində kursların təşkil edildiyini, ilk tibbi yardım və fövqəladə hallara hazırlıqla bağlı təlimlərin həyata keçirildiyini vurğuladı.

Azərbaycana Birgə Yardım Təşkilatının əməkdaşı Sevinc Qasımova World Vision Azərbaycan ilə əməkdaşlıq çərçivəsində “Gate-keeping” layihəsinin davam etdirildiyini, martda yeni reabilitasiya mərkəzinin fəaliyyətə başlayacağını və bu məqsədlə Norveçdən mütəxəssislərin dəvət ediləcəyini diqqətə çatdırdı.

Mərkəzin fəaliyyəti ilə bağlı hesabatların hazırlanılması prosesinin getdiyini qeyd edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodik şöbəsinin müdiri Eldəniz Muradov Azərbaycanda 2011-ci ildə aparılmış Demoqrafiya və Sağlamlıq Sorğusunun yekun nəticələrini özündə əks etdirən hesabat əsasında da gələcəkdə araşdırmaların aparılmasının vacibliyini önə çəkdi.

Dünya Bankının əməkdaşı Səbinə Cəfərova səhiyyə sektorunda islahatlar layihəsinin sona çatdığını bildirdi. BMT-nin Uşaq Fondunun Gənclərin və yeniyetmələrin inkişafı proqramının mütəxəssisi Natiq Umarov Gənclər və İdman Nazirliyi ilə birgə İİV risk qrupuna daxil olan gənclərin test müayinələrinə cəlb olunması, hüquqşünas və psixoloqdan məsləhət alması məqsədilə QİÇS əleyhinə maarifləndirmə saytının yaradıldığından söhbət açdı.

ÜST-nin Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova ÜST-nin Səhiyyə Nazirliyi ilə iki illik razılaşması əsasında növbəti İş Planının hazırlandığını dedi.

İSİM-in direktoru Ceyhun Məmmədov fevralın 7-də Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 2011-ci ildə aparılmış Demoqrafiya və Sağlamlıq Sorğusunun yekun nəticələrinə həsr olunmuş konfransın kifayət qədər maraqlı keçdiyindən bəhs etdi: “Səhiyyə Nazirliyinin məsul işçiləri, Milli Məclisin üzvləri, müvafiq dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin aidiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən konfransda sorğunun nəticələrini özündə əks etdirən Yekun Hesabat təqdim olundu. DSS-2011 2006-cı illə müqayisədə müsbət dinamikanın müşahidə olunduğunu göstərir.” Hesabatın aidiyyəti qurumlara çatdırılacağını, elektron versiyasının hazırlanacağını və ingilis dilində olan variantı üzərində işlənildiyini diqqətə çatdıran direktor təqdim olunmuş nəticələrin gələcəkdə səhiyyənin inkişafı üçün təhlil olunacağını vurğuladı.

C.Məmmədov həmçinin Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Azərbaycan Respublikasının Milli Strategiyasının müvafiq qurumlar tərəfindən müsbət qarşılandığını, yaxın günlərdə İSİM tərəfindən redaktə olunmuş variantının Səhiyyə Nazirliyinə təqdim olunacağını bildirdi. Direktor “Ailə təbabəti” üzrə sorğunun nəticələrinin mart ayında təqdim olunacağını, klinik protokollarla bağlı fəaliyyətin davam etdirildiyini və bu prosesdə Azərbaycan səhiyyəsinin aktual sahələrinə və sübutlu təbabətə əsaslandıqlarını diqqətə çatdırdı.

Gündəliyə uyğun olaraq, “Sosial Xidmətlər Təşəbbüsü” təşkilatının icraçı direktoru Rəşad Hüseynov təşkilatın fəaliyyəti haqqında təqdimat etdi. Təqdimatda təşkilatın məqsəd və vəzifələrindən söhbət açıldı: “Bizim baxışımız hər kəsin bərabər imkanlara malik olduğu və mənalı həyat sürə biləcəyi inkluziv cəmiyyət yaratmaqdır.” İştirakçıları bu günə kimi icra olunmuş layihələri barədə məlumatlandıran R.Hüseynov Səhiyyə Nazirliyi ilə əməkdaşlıq perspektivlərindən də söhbət açdı.

Sonda təqdimat ətrafında fikir mübadiləsi oldu.