12 İYUN 2013
İSİM-də növbəti təşkilatlararası iclas keçirildi
2013-cü il iyunun 12-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti təşkilatlararası iclas keçirildi. Görüşdə İSİM, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi (AbtAssociates), BMT-nin Uşaq Fondu (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA), “Birliyə Doğru” İB və digər təşkilatların nümayəndələri iştirak etdilər.
ÜST-nin Azərbaycan nümayəndəliyinin fövqəladə hallar üzrə hazırlıq və cavab vermə proqramı üzrə mütəxəssisi Samir Mehdiyev ölkə üzrə malyariyanın eliminasiya tədbirlərinin həyata keçirildiyini bildirdi.
BMT-nin Uşaq Fondunun Gənclərin və yeniyetmələrin inkişafı proqramının mütəxəssisi Natiq Umarov Azərbaycanda Milli qidalanma sorğusuna aid analizlərin yoxlanılmasının tamamlandığı, bioanalizlərin isə yoxlanılması prosesinə başlanılacağı barədə məlumat verdi.
Xəzər Qayğıkeşlik Layihəsinin Sağlamlıq üzrə məsləhətçisi Stiv Stounhaus iki layihə çərçivəsində Naxçıvan və Gəncədə çəpgözlüklə bağlı əməliyyatların həyata keçirildiyini, skrininqlərin aparıldığını vurğuladı.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodika şöbəsinin müdiri Eldəniz Muradov klinik protokolların və sanitar-epidemioloji qaydalar haqqında təlimatın hazırlandığından bəhs etdi. Eləcə də kütləvi müayinələr üzrə Bakıda 8 aksiyanın keçirildiyini, bu aksiyanın 7000-8000 nəfəri əhatə etdiyini nəzərə çatdırdı. Könüllü məsləhət və müayinə məntəqələrində fəaliyyətin uğurla həyata keçirildiyini və monitorinqlərin nəticələrinə görə bu məntəqələrə müraciət edənlərin sayının artdığını qeyd etdi.
Azərbaycana Birgə Yardım Təşkilatının nümayəndəsi Nuranə Abdullayeva iştirakçıları erkən müdaxilə üzrə klinik protokolun hazırlandığı, iyulun 1-3-də Rusiyanın Sankt-Peterburq şəhərində erkən müdaxilə istiqamətində konfransın keçiriləcəyi ilə bağlı məlumatlandırdı.
İyunun 10-da keçirilmiş yekun konfransda layihə çərçivəsində görülmüş fəaliyyətin müzakirə edildiyini bildirən Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsini təmsil edən Ayla Ələsgərova birgə fəaliyyətə və dəstəyə görə tərəfdaş təşkilatlara, o cümlədən İSİM-ə minnətdarlığını bildirdi. Vərəm xəstəliyi üzrə klinik protokolların istifadəsi və tətbiqi məqsədilə keçirilən təlimlər və konfranslar barədə məlumat verən A.Ələsgərova həmçinin ailə planlaşdırılması üzrə monitorinqlərin keçirildiyindən, səhiyyə informasiya sistemi, ana və uşaq sağlamlığı istiqamətində yekun konfransın təşkilinin planlaşdırıldığından söhbət açdı.
İSİM-in direktoru Ceyhun Məmmədov Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Azərbaycan Respublikasının Milli Strategiyasının hazırlandığını və hesabatın Səhiyyə Nazirliyinə təqdim olunacağını bildirdi. Eləcə də VİQA Alyansının “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsinin davam etdiyindən, Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə nəticələrin Səhiyyə Nazirliyinə təqdim olunacağından bəhs etdi.
Direktor “31 may – Ümumdünya Tütünsüz Günü” ərəfəsində keçirilmiş tədbirlərdən söz açdı. İSİM-lə “Addım” Yaradıcı Gənclər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan “No Smoking” Film Festivalının qaliblərinin müəyyən olunduğu, Millət vəkili Qənirə Paşayevanın Azərbaycan dilinə tərcümə etdiyi Allen Karrın “Siqaretdən asan xilas olmanın yolu” kitabının təqdimat mərasiminin keçirildiyi, həmçinin İSİM-də jurnalistlər üçün mövzu istiqamətində brifinqin təşkil olunduğu haqqında iştirakçıları məlumatlandırdı. C.Məmmədov həmçinin klinik protokolların hazırlanması prosesinin davam etdiyini, “14 iyun – Ümumdünya Qan Donoru Günü” ərəfəsində İSİM tərəfindən “Kim Qan Donoru ola bilər? Bunları bilmək vacibdir!” adlı bukletin, “Qan ver, həyat bəxş et!” adlı plakatın və vərəqənin hazırlanıb çap edildiyini və aidiyyəti müəssisələrə paylanıldığını vurğuladı.
“Birliyə Doğru” İB-nin Resurs Mərkəzinin direktoru Aynur Salmanova Mərkəzin hazırkı fəaliyyəti haqqında təqdimat etdi: “Birliyin məqsədi əlil və kimsəsiz uşaqlara dəstək olmaq, onların cəmiyyətə adaptasiyasını təmin etmək, tibbi reabilitasiyasını gerçəkləşdirməkdir. “Birliyə Doğru” İB bu istiqamətdə yeni layihələr həyata keçirməkdə davam edir. Yeni layihələr birliyin nəzdində fəaliyyət göstərən kimsəsiz, əlil və az təminatlı ailələrdən olan gənclər üçün nəzərdə tutulmuş Resurs Mərkəzidir.” Layihənin məqsədinin internat məktəbini bitirən, bitirməkdə olan, valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan gənclərin dünyagörüşlərinin və praktik biliklərinin artırılması ilə cəmiyyətə adaptasiyasına dəstək olduğuna diqqəti çəkən məruzəçi Mərkəzin nəzdində kimsəsiz, xüsusi qayğıya ehtiyacı olan gənclər üçün ingilis, rus dili, kompüter kurslarının fəaliyyət göstərdiyini də vurğuladı.
Sonda təqdimat ətrafında fikir mübadiləsi aparıldı.