31 MAY 2013
«31 may – Ümumdünya Tütünsüz Günü»nə həsr olunmuş “No Smoking” Film Festivalının qalibləri müəyyən olundu
31 may 2013-cü il “Metropark” AVM-də yerləşən “Park Cinema”da «31 may – Ümumdünya Tütünsüz Günü»nə həsr olunmuş “No Smoking” Film Festivalının qala gecəsində qaliblər müəyyən olundu. Mərasimdə Tütünlə Mübarizə üzrə Milli Koalisiyanın üzvləri olan dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatları, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Addım” Yaradıcı Gənclər Assosiasiyasının nümayəndələri, həmçinin ölkənin tanınmış simaları – Fəxriyyə Xələfova, Firdovsi Atakişiyev, Brilliant Dadaşova, media nümayəndələri, finalçılar və başqaları da iştirak etdilər.
Ümumilikdə film festivalına 47 film təqdim edilib, qala gecəsində final mərhələsinə seçilən 16 film nümayiş olundu. Filmlərin əsas məqsədi diqqəti zərərli vərdişlərdən biri olan tütünçəkmənin əhalinin, xüsusən də gənclərin sağlamlıqlarına mənfi təsir etdiyinə yönəltməkdir. Həmin seçilmiş filmlərdən münsiflər heyyəti 5 qalib müəyyən etdilər. Münsiflər heyətini Mədəniyyət və Turizm nazirliyinin əməkdaşı Elşad Əliyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Tofiq Musayev, kinoşünas Raifə Səfərova, modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, aktyor, əməkdar artist Firdovsi Atakişiyev, xalq artisti Brilliant Dadaşova, “Addım” Yaradıcı Gənclər Assosiasiyasının təsisçiləri Ülkər Qasımova və Hüseyn Cavadzadə təmsil ediblər.
Qeyd edək ki, birinci yerə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Nərmin Knyazlı layiq görüldü, layihənin reklam siması və təşkilatçılarından biri olan Brilliant Dadaşova festivalda baş mükafatı və 2 nəfərlik Türkiyəyə səyahət paketini qalibə təqdim etdi. Digər nominasiyalarda müvafiq ardıcıllıqla Nicat Xəlilov, Ramil Muradov, Rəvan Cabbarov, Mətin Hümmətov qalib oldular.