• Şagirdlər üçün “Tütün məmulatlarının insan orqanizminə zərəri” mövzusunda maarifləndirici tədbir keçirildi
  • 11th European Public Health Conference, Ljubljana, Slovenia
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • Pedaqoji Kollecin tələbələrinə “Müəllim-şagird davranışlarında psixoloji məqamlar” mövzusunda mühazirə oxundu
  • Oğuzda 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş dəyirmi masa təşkil edildi
  • İSİM Hindistanda “V Beynəlxalq ictimai səhiyyənin idarə edilməsinin inkişafı proqramı”nda təmsil olundu
  • Məktəblilər arasında dispanserizasiya müayinələri aparılır
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

18 NOYABR 2012

18 noyabr – Yol-nəqliyyat hadisələri qurbanlarının Ümumdünya Anım Günüdür

Yollarda baş verən qəzalar ictimai səhiyyənin problemi olaraq, cəmiyyətin bütün sahələrinə təsir edir. Yol-nəqliyyat qəzaları nəticəsində baş verən travmatizmin iqtisadi nəticələri uzunmüddətli tibbi yardıma yönəldilən xərclərə, işləyən ailə üzvünün ölümünə və əlillik nəticəsində gəlirlərin azalmasına gətirib çıxarır. Yol qəzalarının əsas səbəbləri yüksək sürət, spirtli içki qəbulu, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyini təmin edən texniki baxış proqramının olmamasıdır.

Yollarda baş verən hadisələr nəticəsində dünyada hər il 1,3 milyon insan həyatını itirir, 50 milyona qədər insan xəsarət alır. Yol-nəqliyyat qəzaları dünyada 15-29 yaşlı insanların əsas ölüm səbəblərindən biridir. Hər il 25 yaşadək 400 000 gənc yol-nəqliyyat qəzaları zamanı dünyasını dəyişir, bu da gündə təxminən 1000 nəfər deməkdir. Proqnozlara görə, 2030-cu ilədək yol-nəqliyyat qəzaları nəticəsində baş verən ölüm halları 5-ci yerdə olacaq və hər il 2,4 milyon insanın həyatına son qoyacaq.

2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası bu məsələni ilk dəfə qaldıraraq bir sıra qətnamələr, o cümlədən “Qlobal yol hərəkəti təhlükəsizliyinin yaxşılaşdırılması” qətnaməsini qəbul edib. Bununla da Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) bu sahədə əməkdaşlığa və BMT tərəfindən aparılan yol hərəkəti təhlükəsizliyi tədbirlərinin əlaqələndirilməsinə dəvət edib. 2005-ci ildə BMT-nin Baş Assambleyası hər il noyabrın üçüncü bazar gününü Yol-nəqliyyat hadisələri qurbanlarının Ümumdünya Anım Günü kimi qeyd olunmasını qərara alıb və 23-29 aprel 2007-ci il tarixini BMT-nin ilk Qlobal yol hərəkəti təhlükəsizliyi həftəsi kimi keçirilməsini elan edib.

BMT-nin Baş Katibi Pan Gi Mun Yol-nəqliyyat hadisələri qurbanlarının Ümumdünya Anım Günü münasibətilə dünya ictimaiyyətinə müraciətində üzv dövlətləri, beynəlxalq agentlikləri, vətəndaş cəmiyyəti təşkilatlarını, biznes və icma liderlərini mübarizənin real müsbət dəyişikliklərə aparmasını təmin etməyə çağırıb. BMT-nin Baş Katibi təşkilatın bütün işçilərinə və BMT avtomobillərinin sürücülərinə təhlükəsizlik kəmərlərini bağlamaq, sürət limitinə əməl etmək, həmçinin mobil telefon və digər diqqəti yayındıran vasitələrdən istifadə etməmək barədə təlimatların əks olunduğu direktiv göndərib.

“Yolları təhlükəsiz edək” – yol hərəkəti təhlükəsizliyi üzrə qlobal kampaniya belə adlanır. Bu gün beynəlxalq ictimaiyyəti yol-nəqliyyat travmatizmini qlobal epidemiya kimi qəbul etməyə və gündəlik yol-nəqliyyat qəzaları nəticəsində minlərlə insanın ölüm faciəsinə son qoymaq üçün ölçülər götürməyə çağırır.

İctimai səhiyyənin bu aktual probleminin həllinə yönəldilmiş tədbirlərə Azərbaycan da qoşulub. Ölkəmizdə yol hərəkəti prosesində insanların həyatının qorunması, yol-nəqliyyat qəzalarının və onların zərərli nəticələrinin qarşısının alınması məqsədi ilə 2002-2005-ci illəri əhatə edən Dövlət Proqramı tərtib edilib. Həmin Proqram “Yol hərəkəti haqqında” AR Qanununa uyğun olaraq, ərazi və sahə planlaşdırılmasının səmərəli əlaqələndirilməsi, regionların sosial-iqtisadi və ekoloji şəraiti, yol şəbəkəsinin inkişaf səviyyəsi nəzərə alınmaqla tərtib edilib.

2008-ci ilin may-iyul aylarında Azərbaycanda ÜST-nin texniki dəstəyi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Dünyada Yol Hərəkəti Təhlükəsizliyi Vəziyyətinin Məruzəsi” layihəsi həyata keçirilib. Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına yönəldilmiş təsiredici tədbirlərin öyrənilməsi məqsədi ilə aidiyyəti dövlət təşkilatlarından olan respondentlər arasında aparılmış sorğudan əldə edilmiş məlumatlar ölkə üzrə ümumi hesabatda təqdim olunub. Həmin məlumatlar dünyada yol hərəkəti təhlükəsizliyinin vəziyyəti barədə Məruzənin hazırlanmasında istifadə olunub və bu Məruzə 2009-cu ildə ÜST-nin rəsmi saytında dərc edilib. Həmçinin İSİM-də “Yol hərəkəti təhlükəsizliyi və gənclər barədə 10 fakt” bukleti hazırlanıb və çap edilib.

Problemin miqyasını nəzərə alaraq, 2 mart 2010-cu il tarixində dünya ölkələrinin hökumətləri növbəti on il ərzində yol hərəkəti təhlükəsizliyi sahəsində tədbirlərin fəallaşmasına dair tarixi qərar qəbul edib. BMT-nin Baş Assambleyasının 2011-2020-ci illərdə yol hərəkəti təhlükəsizliyinin təmin olunması tədbirlərinin onilliyinin elan edilməsinə dair Qətnaməsini Azərbaycan da daxil olmaqla, 100-dək ölkə dəstəkləyib. 2010-cu ilin noyabrında isə Moskvada yol hərəkəti təhlükəsizliyi üzrə ilk Ümumdünya Nazirlər Konfransı keçirilib və orada Yol Hərəkəti Təhlükəsizliyi üzrə Moskva Deklarasiyası qəbul edilib. Onilliyin keçirilməsi və əlaqələndirilməsi üçün əsas fəaliyyət ÜST-yə həvalə edilib.

Onilliyin keçirilməsində vacib şərtlərdən biri Qlobal Planın hazırlanmasıdır. Qlobal Planda yol hərəkəti təhlükəsizliyi sahəsində bir neçə istiqamətdə, o cümlədən profilaktik tədbirlərin gücləndirilməsi, məlumatların toplanılmasının təkmilləşdirilməsi və yol-nəqliyyat hadisələrində xəsarət alanlara (xüsusən uşaqlara) təcili tibbi yardımın göstərilməsi sisteminin gücləndirilməsi məsələlərinə dair fəaliyyətlər təklif edilir. İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev Azərbaycanda 2011-2020 illərdə Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyətin Milli Əlaqələndiricisi təyin olunub.